SON XƏBƏRLƏR
21 Avqust 2019
20 Avqust 2019
19 Avqust 2019
17 Avqust 2019
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
CƏMİYYƏT 23:00 / 17.07.2019
"İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır. Biz üç çox ciddi antirekordun şahidləri olmuşuq. Əvvələn, istixana qazlarının konsentrasiyası son 3-5 milyon il ərzində ən yüksək səviyyəyə çatıb. İkincisi, Dünya Meteorologiya Təşkilatının məlumatına görə, 2015-2019-cu illər meteomüşahidələr tarixində ən isti illər olub. Avropada və Cənubi Asiyada rekord dərəcədə isti havalar bunu bir daha xatırladır. Üçüncüsü, dənizin səviyyəsi sadəcə qalxmır, o, getdikcə sürətlə qalxır”. BMT-nin Baş katibi Antonio Quterreş bu sözləri yüksək səviyyəli siyasi forumun "nazirlər seqmenti”nin açılışında söyləyib. Baş katib daha sonra deyib ki, iqlim dəyişmələrinin nəticələrini, ilk növbədə, əhalinin ən yoxsul və müdafiəsiz təbəqələri hiss edir.

Xezerxeber.az BMT Xəbərlər Mərkəzinə istinadən bildirir ki, BMT rəhbərinin sözlərinə görə, beynəlxalq birlik Davamlı İnkişaf Hədəflərinin reallaşdırılması üçün hələ çox iş görməlidir. Quterreş dörd ən mühüm vəzifəni vurğulayıb: davamlı inkişaf üçün özəl və dövlət investisiyaları artırılmalıdır; iqlim dəyişmələrinə qarşı mübarizə qeyri-bərabərliyin azaldılmasına kömək etməlidir; beynəlxalq birlik Miqrasiya haqqında Qlobal Müqavilənin müddəalarını yerinə yetirməlidir; davamlı inkişaf insan haqlarına riayət edilməsi ilə ayrılmaz surətdə bağlı olmalıdır.

Sentyabr ayında BMT Baş Assambleyasının növbəti sessiyasında iqlim dəyişmələri və Davamlı İnkişafın Hədəfləri mövzularına həsr edilmiş sammitlər və digər mühüm görüşlər keçiriləcəyini xatırladan A.Quterreş ölkələrin hökumətlərini Nyu-Yorka "gəlişigözəl nitqlər” söyləməyə yox, konkret fəaliyyət planları ilə gəlməyə çağırıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.