SON XƏBƏRLƏR
21 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Prezident komandasını daha da fəallaşdırır
CƏMİYYƏT 10:21 / 09.09.2019
Aydın Mirzəzadə: "Əgər əhali hakimiyyət nümayəndələrinə maraq göstərməsəydi...”
YAP İcra Katibliyi partiyanın mənzil qərargahında hökumət təmsilçilərinin bir zamanlar keçirilən ənənəvi mətbuat konfranslarının bərpası haqda qərar qəbul edib. Məlumata görə, layihənin məqsədi Azərbaycan prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurları, cəmiyyət həyatının bütün sahələrini əhatə edən islahatlar, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar haqqında Azərbaycan vətəndaşlarına daha mötəbər, operativ və dolğun informasiyanın çatdırılmasıdır. Layihə çərçivəsində bütün dövlət və hökumət qurumlarının rəhbərlərinin iştirakı ilə YAP İcra Katibliyində mətbuat konfranslarının keçirilməsi nəzərdə tutulur. Sentyabrın 10-da ilk mətbuat konfransı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin iştirakı ilə keçiriləcək.

Yeri gəlmişkən, qeyd edək ki, son günlər tanınmış hakimiyyət nümayəndələrinin sosial şəbəkələrdə aktivləşməsi diqqət çəkir. Məsələn, YAP-çı deputat Siyavuş Novruzov, daha sonra isə "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov facebookda özlərinə hesab açdılar. Həmçinin prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu günlərdə facebook profili açdı. Xatırladaq ki, Ə.Həsənovun facebookda səhifəsi vardı və buradan intensiv paylaşımlar edirdi. Amma o, yeni bir profil də açaraq sosial şəbəkədə daha fəal olmağa qərar verib. Baş nazirin müavini, YAP icra katibi Əli Əhmədov, YAP-çı deputat Aydın Mirzəzadə facebookda hesabı olan siyasətçilərdəndi.

YAP mətbuat katibliyindən "Yeni Müsavat” verilən xəbərə görə, öncədən akkreditasiyadan keçən media orqanlarının əməkdaşları hökumət üzvlərinin keçirəcəyi mətbuat konfranslarında iştirak edə bilərlər.

Bir sıra analitiklər hesab edir ki, bütün bunlar, həmçinin nazirlər, komitə sədrləri və onların müavinlərinin vaxtaşırı bölgələrə gedib əhalini qəbul etməsi prezident İlham Əliyevin öz komandasını daha fəal hərəkətə gətirməsinin göstəricisidir.

Prezident komandasını daha da fəallaşdırır
Aydın Mirzəzadə

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva həmişə insanlarla kontaktda, insanların problemlərini dinləməkdə hər kəsə nümunədirlər: "Bu baxımdan onların tövsiyələri, onların bu məsələdə nümunələri öz sözünü deyir və həmişə qəbul ediləcək”.

Aydın Mirzəzadə qeyd etdi ki, Azərbaycan hakimiyyətinin həm rəsmi, həm siyasi nümayəndələri həmişə xalqa açıqdırlar. Görülən işlər barəsində hesabat verir, xalqın rəyini öyrənir, vətəndaşları qəbul edirlər, siyasətin xalqın maraqlarına uyğun şəkildə qurulmasına çalışırlar: "Əvvəldən də hakimiyyət nümayəndələrinin sosial şəbəkələrdə aktivliyi olub. Son dövrlərdə isə bəzi həmkarlarımızın səhifələr açması, çıxışlar etməsi onunla bağlıdır ki, informasiya texnologiyalarının imkanları çox böyükdür. Biz əhalinin çox böyük hissəsinin sosial şəbəkədən istifadə etdiyini şahidiyik. Biz də hakimiyyət nümayəndəsi kimi bu cəmiyyətin bir hissəsiyiksə, əgər biz cəmiyyətlə münasibətlərə böyük diqqət yetiririksə, əlbəttə ki, bu imkanlardan da istifadə etməyə çalışırıq. Cəmiyyət məsələlərinin müzakirə edilməsi, cəmiyyətin rəyinin öyrənilməsinə dair nə yeni texniki və ya hüquqi imkan yaranacaqsa, həmişə bunlardan istifadə ediləcək. O başqa məsələ ki, cəmiyyət bu gün həmin bu münasibət kanallarına böyük maraq göstərir, öz problemlərini yazırlar, qəbullarda çətinlikləri qaldırırlar və ya hər hansı məsələ barəsində özlərinin konsepsiyasını təqdim edirlər. Bu da öz müsbət nəticəsini verir. Əgər əhali hakimiyyət nümayəndələrinə maraq göstərməsəydi, onların səhifələrinə çox sayda ”layk"lar gəlməzdi, rəylər yazılmazdı. Yəni göründüyü kimi, cəmiyyətin hakimiyyətə etimadı böyükdür. Son dövrlərdə atılan addımlar, informasiya texnologiyalarından rəsmi şəxslərin daha çox istifadə etməsi cəmiyyət tərəfindən qəbul edilir. Cəmiyyət bu kontaktların daha sıx olmasına həmişə maraq göstərir və həmin maraq da nəzərə alınacaq".

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.