SON XƏBƏRLƏR
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
Əli Həsənov: Azərbaycan azsaylı ölkələrdəndir ki...
CƏMİYYƏT 18:04 / 12.09.2019

Azərbaycan milli mətbuatı və digər kütləvi informasiya vasitələri yüz ildən artıq bir müddətdə müxtəlif inkişaf mərhələləri keçərək, ictimai həyatımızın ayrılmaz tərkib hissəsinə və vətəndaş cəmiyyətinin hərəkətverici qüvvələrindən birinə çevrilib.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda "Park İnn” otelində keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının yeni Konstitusiyasında fikir və söz azadlığının əsas insan hüquqları sırasında öz əksini tapması KİV-in inkişafında yeni tarixi mərhələnin bünövrəsini qoyub:

"Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı Fərmanla KİV üzərində senzuranın ləğv edilməsindən sonra azad və kənar təsir olmadan özünü tənzimləyən medianın yaradılması üçün ölkəmizdə geniş perspektivlər açıldı. Sonrakı dövrdə kütləvi informasiya vasitələri, informasiyanın əldə olunması, milli teleradio yayımı, ictimai televiziya, informasiya azadlığı və digər sahələrlə bağlı yeni qanunların qəbul olunması KİV-in inkişafını təmin edən zəruri qanunvericilik bazası kimi çıxış etdi”.

Ə.Həsənov ötən 25 il müddətində KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkəmizdə mühüm addımların atıldığını deyib:

"Azərbaycan Prezidentinin sərəncamları ilə 1998-ci ilin sonunda yerli KİV-lər əlavə dəyər vergisindən azad edilmiş, ölkəyə gətirilən çap məmulatlarına tətbiq edilən gömrük rüsumları ləğv olunmuş, media vasitələrinin dövlətə olan borcları silinmiş və əlavə olaraq onlara uzunmüddətli və güzəştli kreditlərin verilməsi işi təmin edilmişdir.

Azərbaycanda KİV-lərin, xüsusən də yazılı medianın inkişafına mühüm təsir göstərən əsas addımlardan biri də 2008-ci il iyulun 30-da Azərbaycan Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi və həmin sənədin tələblərinə uyğun olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması olmuşdur.

2009-cu ildən başlayaraq KİV layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən mediaya və jurnalistlərin ehtiyacı üçün on milyonlarla manat vəsait ayrılmışdır. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə jurnalistlər üçün çoxmənzilli 2 yaşayış binası tikilib istifadəyə verilmiş, üçüncünün tikintisi isə davam hazırda edir. 2000-ci ildən Azərbaycan milli mətbuatının yubileyləri mütəmadi olaraq dövlət səviyyəsində qeyd olunur. 2005, 2010, 2015 və 2016-cı illərdə yüzlərlə jurnalist fəxri ad və dövlət mükafatları ilə təltif olunublar. Bütün bunlar ölkənin informasiya tələbatının tam ödənilməsi üçün KİV-in fəaliyyətinə böyük stimul verib".

Əli Həsənov onu da qeyd edib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən KİV-lər cəmiyyətdə baş verən hadisələri, dövlətin həyata keçirdiyi siyasəti, o cümlədən beynəlxalq aləmdə cərəyan edən prosesləri sərbəst və müstəqil şəkildə araşdırır, əhalinin rəyini öz səhifələrində əks etdirərək hakimiyyətin nəzərinə çatdırır:

"KİV-lər istədiyi informasiyaları sərbəst şəkildə toplayıb yaymaq, o cümlədən iqtidarın apardığı siyasəti tənqid etmək və yaxud dəstəkləmək imkanına malikdir.

Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur. KİV-lərin kəmiyyət göstəricilərinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir.

Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 13 regional və 17 kabel televiziyası, 25 internet televiziyası,14 radio fəaliyyət göstərir. 2005-ci ildə ölkədə İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilmiş və hazırda uğurla fəaliyyət göstərir.

Azərbaycanda bu gün 50-dən artıq jurnalist təşkilatı qeydə alınmış, 30-dək təşkilat söz və məlumat azadlığının, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, cəmiyyətlə media arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə fəal məşğul olur. Mətbuat yayımını həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı 23-ə çatıb”.

Azərbaycanda internet və sosial şəbəkələrin fəaliyyəti haqqında danışan Ə.Həsənov ölkədə internet istifadəçilərinin sayının ümumi əhalinin 80%-dən çox olduğunu və bu göstəricilərə görə ölkənin dünya ölkələri sırasında birinci sıralarda bərqərar olduğunu vurğulayıb:

"Az. domenində qeydiyyatdan keçmiş internet saytlarının sayı 20 mini ötüb. Bununla yanaşı, Azərbaycanda azad sözə və fikrə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki, transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir məhdudiyyət yoxdur, eyni zamanda vətəndaşların Feysbuk, Tvitter, Yutub, İnstaqram kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilib. Sosial şəbəkə istifadəçilərin sayı ölkədə 3 milyon nəfərdən çoxdur ki, bu da cəmi 10 milyon əhalisi olan bir ölkə üçün çox böyük göstəricidir. Sosial şəbəkələrə dövlət səviyyəsində verilən əhəmiyyətin nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin özünün və əksər dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Hakimiyyət sosial şəbəkələrdə qaldırılan məsələlərə mütəmadi olaraq öz münasibətini bildirir, internetə məlumat mənbələrindən biri kimi yanaşır və ondan istifadə edir.

Müşahidələr və təhlillərdən aydın olur ki, son illərdə sosial şəbəkələr ictimai rəyin formalaşmasına təsir imkanlarını artırmağa çalışır. Lakin burada bir məqamı qeyd etməliyik ki, sosial şəbəkələrin rolunu müsbət xarakterizə edən cəhətlərlə yanaşı, mənfi meyillər də özünü göstərir. Sosial şəbəkələrin meydana gəlməsi bir tərəfdən söz və öz fikrini ifadə etmək azadlığının təmin olunmasında yeni perspektivlər açır. Digər tərəfdən sosial şəbəkələrlə insan hüquqları arasındakı qarşılıqlı təsir bəzən xoşagəlməz vəziyyət yaradır. Belə ki, sosial şəbəkələrdə insanların şərəf və ləyaqətinin alçaldılması halları baş verir ki, bu da insan hüquqlarının pozulması deməkdir. Təəssüf ki, bu cür mənfi hallar bəzən transmilli medianın fəaliyyətində də özünü göstərir. Transmilli media qurumlarının verilişlərinin ölkədə yayılmasının müsbət cəhəti bundan ibarətdir ki, əhali dünyada baş verən proseslərlə bağlı operativ məlumatlar əldə etmək imkanı qazanır. Burada özünü göstərən mənfi xüsusiyyət isə ondadır ki, bəzən müxtəlif siyasi dairələrin və yaxud lobbi qruplarının təsiri ilə transmilli media qurumları ictimai rəyi manipulyasiyaya məruz qoymağa çalışır, obyektivlik və bitərəflik kimi prinsiplərə zidd olaraq qərəzli, subyektiv informasiyalar yayır.

Yuxarıda dediklərimizi ümumiləşdirsək belə bir qənaətə gəlmək olar ki, Azərbaycan hakimiyyəti hazırda söz və mətbuat azadlığının, KİV-in inkişafının təmin edilməsini dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Bizim ölkə dünyanın və bölgəmizin azsaylı ölkələrindəndir ki, hələ 1998-ci ildə mətbuat və informasiya nazirliyini ləğv etmiş və mətbuatın dövlət tənzimlənməsindən birmənalı şəkildə imtina etmişdir. Azərbaycan dövləti bu işi hazırda ölkə jurnalistlərinin öhdəsinə buraxmışdır ki, onlar da öz ümumi toplantılarında jurnalistlərin vahid ictimai təşkilatı olan Mətbuat Şurasını yaratmışlar. KİV lərin fəaliyyətinin dəstəklənməsi və siyasi plüralizmin genişləndirilməsi siyasətini də biz məhz yaratdığımız KİVDF, o cümlədən Mətbuat Şurası vasitəsilə həyata keçirməyə çalışırıq. Mətbuat Şurası bəhs etdiyim istiqamətdə dövlətin əsas tərəfdaşıdır. Ölkə jurnalistlərinin ictimai maraqlarının yeganə təminatçısı kimi çıxış edən bu qurum uğurlu fəaliyyət göstərir və bugünkü möhtəşəm toplantı da bunun əyani sübutudur. Dünya ölkələrini təmsil edən əksər Mətbuat Şuralarını Bakıya toplamaq və milli-transmilli jurnalistikanın, azad medianın problem və uğurların müzakirə etmək bacarığı bunun göstəricisidir”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.