SON XƏBƏRLƏR
17 Oktyabr 2018
16 Oktyabr 2018
15 Oktyabr 2018
Naftalan şəhərində yeni körpələr evi-uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
SİYASƏT 18:20 / 05.06.2018

Ölkəmizdə müalicəvi turizmin inkişafında özünəməxsus yeri olan Naftalan şəhəri Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də müasir sanatoriya-kurort mərkəzi kimi sürətlə inkişaf edir. Son illərdə burada 9 yeni səhiyyə-kurort müəssisəsi yaradılmış, o cümlədən 264 yerlik "Qarabağ”, 342 yerlik "Qaşaltı” sanatoriyaları inşa olunmuş, 353 yerlik "Çinar” sanatoriyası yenidən qurulmuşdur.

Bununla yanaşı, şəhərdə bir sıra mühüm infrastruktur layihələri də yerinə yetirilmiş, Şəhər Mərkəzi Xəstəxanası, Əlillərin Bərpa Mərkəzi, Bayraq Meydanı tikilmiş, 1500 yerlik şəhər stadionu əsaslı təmir edilmiş, şəhərin su təchizatı sistemi yenidən qurulmuş, yeni avtomobil yolları çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naftalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi məqsədi ilə qərara alıram:

1. Naftalan şəhərində yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naftalan Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyun 2018-ci il.


87 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.