SON XƏBƏRLƏR
10 Dekabr 2018
09 Dekabr 2018
08 Dekabr 2018
Fövqəladə Hallar Nazirliyi Akademiyasının yaradılmasının 10 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilmişdir
REPORTAJ 19:08 / 05.06.2018

4 iyun 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Akademiyasının yaradılmasının 10 illiyinə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.

Mərasimdə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının fəlakətlərin azaldılması üzrə Avropa ofisinin rəhbəri Paola Albrito, Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Vladimir Kuvşinov, Belarus Respublikası fövqəladə hallar nazirinin birinci müavini general-mayor Aleksandr Xudaleyev, Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyasının rəisi general-mayor Viktor Pançenkov və Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov iştirak etmişlər.

Fövqəladə Hallar Nazirliyi Akademiyasının yaradılmasının 10 illiyi münasibətilə keçirilən tədbirin iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək əklil qoymuş, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzmüşlər.

Tədbir iştirakçıları daha sonra Şəhidlər xiyabanını ziyarət edərək, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

FHN Akademiyasında keçirilən tədbirin iştirakçıları ali təhsil müəssisəsinin həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə də gül dəstələri qoymuş, Dahi rəhbərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Sonra tədbir iştirakçıları Akademiyanın tarixini əks etdirən guşələrlə və Heydər Əliyev Muzeyi ilə tanış olmuşlar.

Mərasim Akademiyanın əsas sıra meydanında məzun və kursantların iştirakı ilə təntənəli keçidlə davam etdirilmişdir. Təntənəli keçiddən əvvəl FHN Akademiyasının məzunu baş leytenant Fuad Mirqulamlı Akademiya rəhbərliyini məzunlar adından təbrik etmiş, xatirə hədiyyəsi bağışlamışdır. Sonra təntənəli keçid olmuşdur.

Akademiyanın akt zalında davam edən mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.

FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov "Akademiyamız 10 ildə” məruzəsi ilə çıxış edərək ali təhsil ocağının yaradılma tarixindən və fəaliyyətindən danışmış, əldə edilmiş nailiyyətlərdən söz açmışdır.

Sonra Akademiyanın "Yanğın təhlükəsizliyi” fakültəsinin birinci kurs kursantı Ülvi Şəkizadə çıxış edərək Akademiyada kursantlar üçün yaradılmış hərtərəfli şəraitə görə Fövqəladə Hallar Nazirliyinin, eyni zamanda təhsil aldığı ali təhsil müəssisəsinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Birləşmiş Millətlər Təşkilatının fəlakətlərin azaldılması üzrə Avropa ofisinin rəhbəri Paola Albrito insanların təhlükəsiz dünyada yaşamasının vacibliyini diqqətə çatdıraraq bu çətin və məsuliyyətli işdə xilasedicilərin üzərinə çox böyük yük düşdüyünü bildirmişdir. O, Azərbaycanın müvafiq qurumlarının təbii və texnogen xarakterli risklərin azaldılması və qarşısının alınması istiqamətində görülən işlərin qənaətbəxş olduğunu vurğulamış, FHN tərəfindən peşəkar kadrların hazırlanmasını, yüksək səviyyəli beynəlxalq əməkdaşlığın qurulmasını təqdir etmişdir. Azərbaycanın fəlakətlərin azaldılması sahəsindəki təcrübəsindən istifadənin zəruriliyini diqqətə çatdıran P. Albrito Akademiyanın rəhbərliyini təbrik etmiş, uğurlar arzulamışdır.

Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Vladimir Kuvşinov FHN Akademiyasına uğurlar arzulayaraq bu ali təhsil ocağında yetişdirilən peşəkar kadrların mülki müdafiə işinin təşkili, əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün əhəmiyyətli xidmət göstərəcəklərinə əmin olduğunu bildirmişdir.

Belarus Respublikası fövqəladə hallar nazirinin birinci müavini general-mayor Aleksandr Xudaleyev və Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Akademiyasının rəisi general-mayor Viktor Pançenkov təmsil etdikləri qurum rəhbərlərinin təbrik məktublarını səsləndirərək uğurlar arzulamışlar.

Mərasimdə, həmçinin Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov təhsil naziri Ceyhun Bayramovun təbrik məktubunu oxumuşdur.

Təntənəli mərasimdə çıxış edən edən Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirmişdir ki, elm və təhsili prioritet sahə kimi müəyyənləşdirən ulu öndər Heydər Əliyev tərəqqiyə gedən uğurlu yolun və ölkənin parlaq gələcəyinin məhz bu sahənin inkişafına bağlı olduğunu yaxşı bilirdi və daim diqqətdə saxlayırdı. Ümummilli Liderin hakimiyyətdə olduğu 1969-82-ci illərdə, eyni zamanda 1993-cü ildən sonra respublikamızda müxtəlif səpkili yüksək səviyyəli təhsil müəssisələri yaradılmış və inkişaf etdirilmişdir. Bundan əlavə, gənclər təhsil almaq üçün respublikadan kənara - dünyanın nüfuzlu ali təhsil müəssisələrinə göndərilmişdir. Nazir qeyd etmişdir ki, məhz Onun hakimiyyəti illərində təhsil almış yüksək ixtisaslı peşəkar kadrlar bu gün dövlət idarəçiliyində, cəmiyyətin müxtəlif sahələrində mühüm vəzifələri icra edərək ölkəmizin çiçəklənməsi, xalqımızın rifahı naminə fəaliyyət göstərirlər. Elm və təhsil sahəsi Ümummilli Liderin müdrik siyasətinin alternativsiz davamçısı zati-aliləri İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Dövlət başçısı, eyni zamanda əhalinin təhlükəsizliyini dövlət idarəçiliyi siyasətinin əsas istiqamətlərindən biri olaraq müəyyən etmişdir. Prezident İlham Əliyevin 2 iyun 2008-ci il tarixli Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılması da Azərbaycanda vətəndaşların yüksək səviyyədə təhsil almasına, təhlükəsizliyinin təmin olunmasına göstərilən diqqət qayğıya parlaq nümunədir.

Kəmaləddin Heydərov qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı həmin Sərəncamla Nazirlik üçün xüsusi ixtisaslı ali təhsilli kadrların hazırlanmasını, əməkdaşların ixtisaslarının artırılmasını və fövqəladə hallar sahəsində elmi-tədqiqat işlərinin aparılmasını təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Akademiyası yaradılmışdır. Ötən müddətdə Akademiyanın maddi-texniki və metodiki bazası möhkəmləndirilmiş, tədrisin təşkili Avropa Kredit Sisteminin tələblərinə uyğun qurulmuş, müasir tipli universitet şəhərciyi salınmış, beynəlxalq tələblərə cavab verən təhsil infrastrukturu yaradılaraq ən son avadanlıqlarla təchiz edilmişdir.

27 dekabr 2013-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasının beynəlxalq standartlara cavab verən yeni binasının açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev görülən işləri yüksək qiymətləndirmiş, dəyərli tövsiyələrini vermişdir.

Nazir Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə elm və təhsilə göstərdiyi diqqət və qayğıdan da söz açmışdır.

Çıxışının sonunda fövqəladə hallar naziri Kəmaləddin Heydərov əminliklə vurğulamışdır ki, ulu öndər Heydər Əliyevin "Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır” fikrini daim rəhbər tutan FHN əməkdaşları, o cümlədən Akademiyanın şəxsi heyəti və kursantları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş vətəndaşların təhlükəsizliyinin təmin olunması ilə bağlı tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsindən ötrü bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcəkdir.

Çıxışdan sonra Akademiyanın yaradılmasının 10 illiyinə həsr edilmiş film nümayiş olunmuşdur.

Sonra xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə, yüksək peşə ustalıqlarına və ali təhsil müəssisəsinin ictimai həyatında fəal iştiraklarına görə bir qrup şəxsin təltif olunması barədə fövqəladə hallar nazirinin əmri oxunmuşdur.

Mərasimin sonunda tədbir iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə ünvanlanmış müraciəti qəbul olunmuşdur.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Birləşmiş Millətlər Təşkilatının fəlakətlərin azaldılması üzrə Avropa ofisinin rəhbəri Paola Albrito ilə görüşmüşdür. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuş və gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

Daha sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyi və Beynəlxalq Mülki Müdafiə Təşkilatı arasında informasiya mübadiləsi reqlamenti imzalanmışdır. Sənədi fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Vladimir Kuvşinov imzalamışlar.

regioninfo.az
275 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.