SON XƏBƏRLƏR
17 Noyabr 2018
16 Noyabr 2018
15 Noyabr 2018
Bakıda 16 mərtəbəli binanın qanunsuz tikintisinin qarşısı alındı
CƏMİYYƏT 10:53 / 20.06.2018

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı şəhərinin 4-cü mikrorayon sakinləri tərəfindən yaşadıqları binanın həyətində 16 mərtəbəli binanın qeyri-qanuni tikintisinin başlanması ilə bağlı müraciət daxil olub.

Komitədən  verilən məlumata görə, komitənin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərək müəyyənləşdirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsində yerləşən 2, 3A, 4 və 5A nömrəli 5 mərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə "Komfort Plaza” MMC tərəfindən 16 mərtəbəli yaşayış binasının tikintisinə hazırlıq işlərinə başlanıb.

Aparılmış araşdırma nəticəsində məlum olub ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ünvanda yaşayış binasının layihələndirilməsi üçün 0,08 hektar torpaq sahəsi ayrılsa da, tikintiyə icazə proseduru başa çatdırılmayıb və tikintiyə icazə verilməyib. Bununla yanaşı, "Komfort Plaza” MMC-nin əməkdaşları tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssislərinə yerində təqdim olunmuş ərazi planlaşdırma sənədlərinin Azərbaycanın müvafiq şəhərsalma qanunvericiliyinə zidd tərtib olunduğu müəyyənləşdirilib. Belə ki, ərazidə yerləşdirilməsi nəzərdə tutulan 16 mərtəbəli yaşayış binası miqyasına görə mövcud 5 mərtəbəli yaşayış binalarına uyğun deyil, habelə binada mənzillərin sayına uyğun avtomobillərin parklanma yerlərinin, ərazidə uşaq oyunları, yaşlıların istirahəti üçün meydançaların, təsərrüfat məqsədli sahələrin nəzərdə tutulması ilə bağlı və digər tələblərə riayət olunmayıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Nəsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsində yerləşən 2 nömrəli binanın qarşısında çoxmənzilli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə icrası məcburi olan "Göstəriş” göndərilib. Eyni zamanda, həmin ünvanda tikinti məqsədləri üçün aparılan hazırlıq işlərinin dayandırılmasını təmin etmək məqsədilə məsələ ilə bağlı məlumat Bakı şəhər İcra Hakimiyyəti ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə də göndərilib.


80 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.