SON XƏBƏRLƏR
17 Noyabr 2018
16 Noyabr 2018
15 Noyabr 2018
Yavər Camalov son mənzilə yola salınıb
CƏMİYYƏT 17:18 / 24.06.2018

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, "Şöhrət” ordenli Yavər Camalov iyunun 24-də son mənzilə yola salınıb.

Mərhumla vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərhumun cənazəsi yaşadığı evdən götürülüb və Şüvəlan qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

Məzarın önünə Azərbaycan Respublikası Prezidentinin və müxtəlif hökumət təşkilatlarının kollektivləri adından əklillər qoyulmuşdu.

Dəfn mərasimində çıxış edən Baş nazirin müavini Hacıbala Abutalıbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ailəsinin adından mərhumun doğmalarına başsağlığı verdi.

Mərhumun oğlu Elşən Camalov atasının xatirəsinə göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etdi. O, dəfn mərasimində iştirak edənlərə də ailəsi adından minnətdarlığını bildirdi.

Qeyd edək ki, Yavər Camalov 1949-cu il oktyabrın 17-də Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Həmin il "Siyəzənneft” Neftqazçıxarma İdarəsinin operatoru, 1972–1989-cu illərdə "Şirvanneft” Neftqazçıxarma İdarəsində müxtəlif vəzifələrdə işləyib. 1989–1995-ci illərdə "Şirvanneft” Neftqazçıxarma İdarəsinin rəisi, 1995–2003-cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003–2006-cı illərdə "Azneft” İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 mart tarixli Sərəncamı ilə müdafiə sənayesi naziri təyin edilib. Dövlətimizin başçısının 2009-cu il 16 oktyabr tarixli Sərəncamı ilə ölkəmizin iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət” ordeni ilə təltif edilib.


87 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.