SON XƏBƏRLƏR
19 Noyabr 2018
18 Noyabr 2018
17 Noyabr 2018
Fədayə Laçın İFADƏ VERDİ: "Ağlıma gəlməzdi ki, Etibar..."
ARAŞDIRMA 14:07 / 13.08.2018

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində məhkum Etibar Məmmədovun həbsdən qaçması ilə bağlı təqsirləndirilən şəxslərin növbəti məhkəmə iclası keçirilib.

Xəbər veririk ki, iclasda ilk olaraq müğənni Fədayə Laçın ifadə verib.

F.Laçın ifadəsində bildirib ki, E.Məmmədovla 2013-cü ildə E.Məmmədovun qardaşının toyunda tanış olub: "Üstündən 2 il keçəndən sonra Etibarın ad günündə oldum, orda münasibətimiz yarandı, sonra Etibar mənə öz qəzəllərini, şeirlərini göndərdi, mən də sənətə maraq göstərən bir insan kimi onun şeirlərini, qəzəllərini bəyənirdim. Etibar həbs olunandan sonra da münasibətlərimiz davam etdi, 3 dəfə onun yanına getdim".

F.Laçın E.Məmmədova açar verməsi haqqında da danışıb. O qeyd edib ki, E.Məmmədovun qaçmaq niyyətində olduğundan xəbərsiz olub: "Mənim ağlıma gəlməzdi ki, Etibar açarı qaçmaq üçün istəyir. O bilirdi ki, mənim bacım dəmir yollarında işləyir və ona görə də açarı məndən istədi. Sonra Aqil mənə zəng etdi, bacım dedi ki, mən Tiflisdəyəm və başqa bir nəfər vasitəsilə açar Aqilə verildi. Mən Etibarın qaçmaq niyyətində olduğunu bilmirdim, Etibar qaçan günü onu görməmişəm, qaçmamışdan 10-15 gün qabaq onu görmüşdüm, onun qaçması barədə xəbərlərdən eşitdim".

Daha sonra F.Laçın hakimin və digər vəkillərin suallarını cavablandırıb. Hakim bildirib ki, F.Laçın 32 dəfə telefon vasitəsilə E.Məmmədovla danışıb və uzun danışıq 40 min 30 saniyə olub. F.Laçın E.Məmmədovla tez-tez danışdığını bildirib.

Daha sonra cinayət işində təqsirləndirilən taksi sürücüsü Məhəmməd Hacıyev dindirilib. M.Hacıyev əvvəllər E.Məmmədovu tanımadığını bildirib: "Günay xanım mənə zəng elədi, ora gedəndə dedi ki, bir nəfəri aparmaq lazımdı. Etibar mənə dedi ki, "artıq-əksik danışma, hara deyirlər sür", mən də qorxduğum üçün onları apardım".

Daha sonra təqsirləndirilən konvoy rəisinin köməkçisi, baş çavuş Tural Poladxanov ifadə verib. O qeyd edib ki, onun vəzifəsi məhbusları etap edən zaman onları kameralara yerləşdirmək olub. "Vaqonda 9 kamera olub. Həmişəki kimi məhbusları yerləşdirdik, qapılar bağlandı, Etibar qatar yola düşməzdən əvvəl dedi ki, rəislə görüşmək istəyir. Sonra Etibarı rəisin otağına apardım, o, rəsin otağında qaldı, mən də işimin dalınca getdim. Sonra gördüm ki, bələdçinin otağında Günay xanım oturub. Xanımın orada oturması təlimata zidd idi".

Daha sonra məhkəmə iclası başa çatıb, növbəti iclasın avqustun 15-də davam etdirilməsi qərara alınıb.


130 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.