SON XƏBƏRLƏR
14 Dekabr 2018
13 Dekabr 2018
Prezident Masallıda – YENİLƏNİB + FOTO
HADİSƏ 14:21 / 18.09.2018

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonunda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun açılışında iştirak edib.

Xəbər veririk ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi.

Bildirilib ki, yolun yenidən qurulması Prezident İlham Əliyevin bu il iyulun 23-də imzaladığı Sərəncama əsasən aparılıb. 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolunun tikintisi üçün dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 7,5 milyon manat vəsait ayrılıb. 

Yolun ümumi uzunluğu 24,7 kilometrdir. Dördüncü texniki dərəcəyə aid ikizolaqlı yolun hərəkət hissəsinin eni 6 metrdir. Yolun yenidən qurulması layihəsi çərçivəsində genişmiqyaslı torpaq işləri görülüb, siqnal dirəkləri, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib.

Dağlıq ərazidə yerləşən avtomobil yolunun tikintisi 22 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.

12:25

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 18-də "Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsinin açılışında iştirak edib.

Məlumata görə, prezident İlham Əliyev müəssisəni işə salıb.

Dövlətimizin başçısı çəltik emalı müəssisəsində yaradılan şəraitlə tanış olub.

Müəssisənin nəzdində hazır məhsul anbarı və satış mərkəzi tikilib. Gələcəkdə çəltik saxlanılması üçün xüsusi bunkerlərin tikintisi nəzərdə tutulub. Emal edilən düyünün daxili bazarın tələbatına uyğun olaraq satışı üçün müxtəlif şirkətlərlə danışıqlar aparılıb.

Bundan başqa, "Made in Azerbaijan” brendi kimi məhsulun xarici bazarlara çıxışı ilə əlaqədar sənədləşmə işləri davam etdirilir. Burada 15 nəfər daimi işlə təmin edilib. Gələcəkdə müəssisənin gücünün iki dəfə artırılması və işçilərin sayının 40 nəfərə çatdırılması nəzərdə tutulub.

"Masallı- Nemətləri” MMC-nin çəltik təsərrüfatının ümumi sahəsi isə 60 hektardır. Təsərrüfatda yeni texnologiyaların tətbiqi ilə çəltik əkini sahələrinin hazırlanması bir neçə mərhələdə həyata keçiriləcək. Onların arasında şumun frez və disklə yumşaldılması, ləklərin içinin lazerli qreyderlə hamarlanması, toxumların germetik vannalarda yetişdirilməsi, 48 saat müddətində qapalı yerlərdə saxlanılması, kasetlərə aqreqatla səpilməsi daxildir.

Bundan başqa, toxumların xüsusi hazırlanmış şitilxanalarda saxlanılması, şitillərin əkinə hazırlanması və kiçik texnikalar vasitəsilə əkilməsi də həyata keçiriləcək. Burada yeni texnika və metodlardan istifadə etməklə məhsuldarlıq orta hesabla bir hektara 40-50 sentner - əvvəlkindən iki dəfə çox olacaq. Müəssisə şitiləkən traktorla və digər texnikalarla təchiz edilib.

Ərazidə 400 tonluq anbar da inşa olunub. Cari ildə rayon ərazisində ümumilikdə 301 hektar çəltik sahəsi əkilib. 25 hektar sahə isə Koreya Respublikasından gətirilmiş "Daydon” markalı texnikalar vasitəsilə ən müasir texnologiya əsasında əkilib.

12:07

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib.

Xəbər veririk ki, iqtisadiyyat naziri Şahin Mustafayev Sənaye Məhəlləsində görülən işlər, həmçinin digər sənaye məhəllələri barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin rəmzi açılışını bildirən lenti kəsib. Dövlətimizin başçısı Masallı Sənaye Məhəlləsində istehsal korpusları və burada fəaliyyət göstərən müəssisələrlə tanış olub.

Sonra dövlətimizin başçısı Masallı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

12:07

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 18-də Masallı rayonuna səfərə gedib.

Xəbər veririk ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Masallı şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov abidənin ətrafında və son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə prezident İlham Əliyevə məlumat verib.


229 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.