SON XƏBƏRLƏR
10 Dekabr 2018
09 Dekabr 2018
Ermənistanda gərginlik artır - Paşinyanın yalanı ortaya çıxdı
DÜNYA 19:26 / 03.10.2018
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, əgər istefa versə, parlamentdə təmsil olunan partiyaların deputatları baş nazir postuna ondan başqa kiminsə namizədliyini irəli sürməyəcəklər və artıq bu barədə razılıq əldə olunub.

Bu barədə Paşinyan Ermənistan parlamentinin deputatları ilə keçirdiyi görüşdən sonra deyib. Bildirib ki, "Çarukyan” bloku, "Daşnaksütyun” və Respublikaçılar partiyası onun təklifi və xalqın tələbinə hörmət edərək baş nazir postuna başqa namizəd təklif etməyəcəklər.

"Biz razılaşdıq ki, daxili siyasi böhranı dəf etməliyik. Bunun həlli variantı kimi isə mən yaxın günlərdə istefa verəcəyimi bildirdim. Və dedim ki, respublikaçıların əhalini qıcıqlandırmayacağına ümid edirəm. Çünki əgər deputatlar başqa namizəd irəli sürmək qərarına gəlsələr, bu, neqativ reaksiya doğuracaq. Növbədənkənar seçkilərin keçirilməsi ümumxalq tələbidir və buna qarşı çıxanlar xalqa müharibə elan etmiş olacaqlar. Odur ki, parlamentdə təmsil olunana qüvvələr xalqın mövqeyilə razılaşdılar”, – Paşinyan bəyan edib. 

O, həmçinin bildirib ki, vəzifəsindən istefa müddətinin, digər namizədin irəli sürülməyəcəyinə dair zəmanətin və dekabrda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə digər partiyalarla razılıq sənədi imzalanacaq. 

Lakin Paşinyanın bəyanatının ardından respublikaçıların üzvü, parlamentin vitse-spikeri Eduard Şarmazanov baş nazirin dediklərini təkzib edib. Şarmazanovun sözlərinə görə, Paşinyan müxtəlif fraksiyaları təmsil edən cəmi 20 deputatla görüşüb və danışıqlar zamanı hansısa razılaşma əldə edilməyib. 

"Biz öz mövqeyimizi bildirdik. Razılaşma olmadığından yenidən görüşərək müzakirələri davam etdirmək qərarına gəldik. Paşinyan sadəcə dekabrda növbədənkənar parlament seçkiləri keçirmək niyyətini bildirmək üçün bizimlə görüşdü. Siyasi qüvvələr seçkilərin fərqli tarixdə keçirilməsi, seçki məcəlləsində və polislə bağlı təkliflər irəli sürüldü. Səslənən təkliflərlə razılaşıb bir-birimizin əlini sıxdığımızı deyə bilmərik. Heç bir şey barədə razılığa gəlmədik”. 

Şarmazanov onu da vurğulayıb ki, bütün siyasi qüvvələrin razılaşdığı bir məsələ var ki, o da dövlətin maraqlarının prioritet tutulmasıdır. Çünki əgər belə olmasaydı və baş nazirin iddia etdiyi kimi, məqsəd seçkilərin keçirilməsinin qarşısını almaq idisə, onda digər partiyalar heç Paşinyanla danışıqlara getməzdilər: "Bu səbəbdən də, ölkəni təlatümlərə sürükləmək olmaz. Hakimiyyətin bölgüsü və parlamentin müstəqilliyi prinsiplərinə hörmət etmək lazımdır”.

Parlamentin digər vitse-spikeri, "Çiçəklənən Ermənistan” partiyasının üzvü Mikael Melkumyan da Paşinyanın guya bütün siyasi qüvvələr arasında anlaşma əldə olunduğuna dair bəyanatını yalanlayıb. Onun sözlərinə görə, başqa nazir postuna başqa namizəd irəli sürməyəcəkləri ilə bağlı heç bir razılaşma olmayıb və paşinyanın tələbindən asılı olmayaraq, Ermənistanda növbədənkənar parlament seçkiləri 2019-cu ilin may-iyun aylarında keçirilməlidir. 

Xatırladaq ki, ötən gün Ermənistan parlamenti "Milli Məclisin reqlamenti haqqında” qanuna düzəlişlər edilməsi barədə qanun layihəsini qəbul edib. Buna etiraz olaraq Paşinyanın çağırışına əməl edən "Çıxış” blokunun deputatları parlamentin işini boykot edərək iclasdan çıxıblar. Qanun layihəsinin lehinə "Çarukyan” bloku, "Daşnaksütyun” və Respublikaçılar partiyası səs veriblər. Bundan hiddətlənən Paşinyan atılan addımı "əksinqilabın rəsmən başlanması” kimi qiymətləndirib və tərəfdarlarını parlamentin önündə etiraz aksiyası keçirməyə çağırıb. Elə mitinqin gedişində əhalinin gözü qarşısında ona xəyanət edən "Çiçəklənən Ermənistan” və "Daşnaksütyun” partiyalarının təmsilçisi olan 6 nazirin vəzifədən azad edilməsi barədə fərmana imza atb. 

Qeyd edək ki, parlamentin qəbul etdiyi sözegedən qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur. Bu isə Paşinyanın növbədənkənar seçki planlarını alt-üst edir. 

Baş verənləri şərh edən erməni politoloqların fikrincə, Paşinyan onunla eyni fikirdə olmayan partiyaları əhalinin qəzəbi ilə şantaj etməyə çalışır. Çünki indiki məqamda hakimiyyətini möhkəmləndirməsi üçün bundan başqa rıçaqı, demək olar ki, yoxdur. Amma bu ona əsas vermir ki, Ermənistanı vətəndaş müharibəsinə sürükləsin. O da qeyd olunur ki, demokratiyadan danışan Paşinyanın baş nazir postuna yalnız özünün haqqı çatdığını iddia etməsi, bütün alternativləri rədd etməsi heç də xalqın iradəsini ortaya qoymaq deyil. Bu, onu göstərir ki, əsas məqsəd idarəçiliyi ələ keçirməkdir. Çünki hətta başqası baş nazir olsa və xalq onu bəyənməsə xalqın yenidən öz etirazını bildirmək hüququ var. Lakin bütün hallarda, növbədənkənar seçkilər Paşinyanın hakimiyyətinə zəmanət verəcəyindən, o, parlamentə nəzarəti gücləndirmək istəyir və bu niyyətini digər partiyaların xalqın düşməni kimi qələmə verməklə pərdələyir. /azvision.az
249 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.