SON XƏBƏRLƏR
10 Dekabr 2018
09 Dekabr 2018
Elmar Məmmədyarov Şuşada – Baş diplomatımızla bağlı ilginc məlumat - FOTO
SİYASƏT 23:24 / 12.11.2018

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov Xarici işlər naziri Elmar Məmmədyarovla bağlı maraqlı məlumat paylaşıb.

Teleqraf.com xəbər verir ki, diplomatın sosial şəbəkədə paylaşdığı foto və məlumat izləyicilər tərəfindən maraqla qarşılanıb.

Daşqın Şikarov paylaşdığı fotonun üzərində qeyd edib:

"Şuşa 1992-ci il, yanvar. Elmar Məmmədyarov, Yaşar Əliyev, Murad Heydərov.1992-ci ildə Xarici İşlər Nazirliyinin protokol şöbəsinin müdiri vəzifəsində işləyən Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyəti ilə mütəmadi olaraq ataşə tutulan, mühasirədə olan Şuşa səhərinə helikopterlə səfər edib. Səfər zamanı nümayəndə heyəti Şuşanın düşdüyü son dərəcə çətin durumu, blokada şəraitində yaşayan və hər an ölüm təhlükəsi ilə üz-üzə gələn mülki əhalinin acı vəziyyətinin şahidi olub.

Elmar Məmmədyarov ATƏT-in nümayəndə heyətinə Dağlıq-Qarabağın durumu, mülki əhaliyə qarşı aparılan etnik təmizləmə siyasəti, ermənilərin məkrli planları haqqında məlumat verərək, ATƏT təmsilçilərini bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına səsləyib.

Şuşanın, Laçının mühasirədə olduğu vaxtlarda Elmar Məmmədyarov dəfələrlə müxtəlif beynəlxalq təşkilatların nümayəndə heyətlərinin mühasirədə olan rayonlarımıza səfərlərini təşkil edib, erməni hərbi birləşmələrinin mülki əhaliyə divan tutmasını xarici müşahidəçilərin gözü ilə bütün dünyaya nümayiş etdirib”.

Daşqın Şikarov qeyd edib ki, Elmar Məmmədyarov ingilis və rus dilini mükəmməl bilməklə yanaşı, eyni zamanda güclü analiz qabiliyyətinə malik peşəkar, vətənpərvər və uzaqgörən diplomatdır:

"Azərbaycan müstəqillik əldə etdikdən 20 il sonra BMT kimi nüfüzlu təşkilatın Təhlükəsizlik Şurasının qeyri daimi üzvi seçilib. Gənc müstəqil dövlət üçün bu çox ciddi və böyük uğurdur. Bu qələbədə şübhəsiz ki, xarici işlər naziri kimi Elmar Məmmədyarovun böyük xidmətləri var”.

Səfir qeyd edib ki, Elmar Məmmədyarov erməni hərbi birləşmələrinin ölkəmizə təcavüzü faktı ilə bağlı həqiqəti dünya birliyinə çatdırmaq üçün 26 il bundan əvvəl Şuşanın mühasirədə olduğu çətin və təhlükəli bir dövrdə heç nədən şəkinmədən ATƏT müşahidəçiləri ilə Şuşaya səfər etmiş əsl vətənpərvərlik nümunəsi göstərib


116 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.