SON XƏBƏRLƏR
12 Dekabr 2018
13 Dekabr 2018
11 Dekabr 2018
Metronun elektrik deposu dəyişir
CƏMİYYƏT 13:46 / 13.11.2018

"Nərimanov" elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur.

"Bakı Metropoliteni”QSC-dən  verilən məlumata görə, nümunəvi qanovlar əmək məhsuldarlığını artıracaq.

Məlumatda bildirilir ki, metropolitenin yeganə elektrik deposu texnoloji cəhətdən sürətlə dəyişməkdədir. Buna qədər yeni nümunəvi anbar təsərrüfatı sahəsi, elektrik yarımstansiyası, qatarların əsaslı təmiri sexi kimi əhəmiyyətli sahələr yaradılıb. Yaxın gələcəkdə isə "Thales" şirkətinin iştirakı ilə işarəvermə avadanlıqlarının yeni nəsil analoqları tətbiq ediləcək. Yeni sistemlərin qoşulması ilə dispetçer mərkəzləşmə məntəqəsinin tamamilə yeni əsaslarla qurulması işləri də aparılır. Məntəqənin yerləşəcəyi binanın inşası artıq başa çatmaq üzrədir.

Belə mühüm işlər lokomotiv təsərrüfatında davamlı olaraq aparılır. Bu mənada metropoliten tarixi üçün ən əhəmiyyətli yenilik əsas təmir işlərinin aparıldığı 3 saylı cari təmir sexinin yenidənqurulması olub. Sex döşəməsindən damına qədər müasir standartlar səviyyəsində əsaslı təmir olunaraq yenilənib, əmək şəraiti optimal iş ardıcıllığına uyğun qurulub, işçilərin sosial-məişət şəraiti yeni tələblər səviyyəsinə çatdırılıb, əl əməyini ən minimal həddə çatdıran yeni tipli avadanlıqlar alınaraq quraşdırılıb.

İşlərin daha bir mərhələsi istismara verildiyi 50 ildən artıq vaxt ərzində əsaslı təmir-bərpa işləri aparılmayan qatarlara texniki baxış sahəsi olan qanovlarda davam etdirilir.

Qatarlara baxış və təmir işlərinin böyük hissəsinin vaqonaltı avadanlıqlarla bağlı olduğunu nəzərə alsaq, yenidənqurma tədbirləri əmək şəraitinin yaxşılaşdırılması istiqamətində daha bir əhəmiyyətli yenilik kimi diqqəti çəkir. Bu, qatarların əsas dayanacaq yeri olan qanovlarda texniki baxış və təmirin keyfiyyətində də özünü büruzə verəcək.

Yenidənqurma işləri çərçivəsində hər iki qanov bütün texniki şərtlər nəzərə alınaraq, nümunələr üzrə təmir olunub. Əvvəlcə, qanov yolları sökülərək, müasir tələblərə uyğun, beton əsas üzərində qurulub, yolun üst quruluşu elementləri dəyişdirilib, müasir rels altlıqları, birləşdirici elementlər tətbiq edilib. İşlər çərçivəsində elektrik xətləri dəyişdirilib, işıqlanma sistemi yenidən qurulub, suların kənarlaşdırılması üçün drenaj sistemi quraşdırılıb. Qanovların döşəmələri, divarları suvanıb rənglənib, ən əsası, onların hündürlüyü normativ göstəricilərə uyğunlaşdırılıb. Qatarın ön hissəsinin təmizlənməsi məqsədilə sahənin girişində ilk dəfə xüsusi mexanizm quraşdırılıb.

Artıq təmirdən çıxmış iki qanova nəzər salanda, gələcəkdə bu sahənin görünüşünün də tamamilə dəyişəcəyi şübhə doğurmur. Hazırda təmir-abadlaşdırma işləri növbəti 3 qanovda başlanıb.


63 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.