SON XƏBƏRLƏR
10 Dekabr 2018
09 Dekabr 2018
Tariximiz, şəhidlərimiz xalqımızın gələcəyidir..
ARAŞDIRMA 13:41 / 17.11.2018

O, külü Kreml divarına hörülmüş yeganə azərbaycanlıdır. Azərbaycan dilinin qrammatik qanunları barədə ilk kitabı yazan da odur. Mustafa Kamal Atatürklə Lenin arasında əlaqələri yaradan şəxs –Nəriman Nərimanov.  Bu ad bizə çox tanışdır. Fəxr edəcəyimiz tarixi şəxsiyyətlərdən olan Nəriman Nərimanov xalqa xidməti elə lap uşaqlıqdan özünə amal, məslək bilib. 1894-cü ildə Bakıda ilk ictimai qiraətxananı təsis edib. O vaxtkı müsəlman dünyasının bütün mətbuat nümunələrini bu qiraətxanaya yığıb. Mənbələrdəki məlumatlara görə, cüzi məbləğ müqabilində xalqın istifadəsinə buraxıb. 12 aprel-1 oktyabr 1894-cü il tarixlərində həmin qiraətxananı 3833 nəfər oxucu ziyarət edibmiş.

İnqilabçı, həkim, müəllim- Nəriman Nərimanov. Bu ad tək tarixi şəxsiyyətlərimizi tanıyan insanlara  deyil,  Respublikamızın şəhər və rayonlarını az çox tanıyan insanlara da tanışdır. Bakı şəhərində Nərimanov  rayonu , Bakı metropoliteninin Nərimanov stansiyası, Nərimanov heykəli digər şəhər və rayonlarda onlarla küçələr, parklar Nərimanovun adınadır. Lakin bəzi rayonlarda Nərimanovun adını daşıyan obyektlər onun adına layiq etimadı görmürlər. Turistlərin yüksək templə artdığı Naftalan şəhərində salınmış Nərimanov parkı da bu sıraya daxildir. Dünyada yeganə yanmayan neftin çıxarıldığı, müalicəvi məqsədlə istifadəsinə  görə yüzlərlə turisti özünə cəlb edən Naftalan şəhəri rəhbərliyinin səlahiyyətli şəxsləri ya bu  məqamları görmür və ya görməməzlikdən gəlirlər. Xarici vətəndaşların ilin bütün fəsillərində çoxluq təşkil etdiyi  rayonda tursitlərin gəzdikləri zonalardan biri olan Nərimanov parkının dağılmış olması əcnəbilərdə xalqımızın öz tarixi  şəxsiyyətlərinə etinasız yanaşması fikrinin yaranmasına səbəb olur.

Cənab Prezidentin də davamlı olaraq öz çıxışlarında vurğuladığı bir məqam vardır ki, Azərbaycanın inkişaf tempi bölgələrin inkişafı, çiçəklənməsi timsalında  artacaqdır. Hər bir dövlət məmurunun Prezidentimizin ətrafında sıx birləşərək öz fəaliyyətləri və vətən sevgiləri ilə xalqımıza nümunə fərdlər olmalı olduqları halda bu kimi mənzərələrlə qarşılaşmaq, regionların inkişafına külli miqdarda vəsaitlər ayrıldığı halda onların təyinatı üzrə istifadə edilməməsinə şahid olmaq bir vətəndaş, bir ictimai birlik kimi bizim üçün heç də ürəkaçan məqam deyil.

Bundan əvvəlki yazımızda da biz Naftalan şəhərində Şəhidlər Xiyabanının baxımsız qalması haqqında yazı dərc etmişdik.  Şəhər rəhbərliyinin və səlahiyyətli şəxslərin şəhidlərimizə tarixi şəxsiyyətlərimizə olan bu etinaslızlığı hansı məqsədə xidmət edir bilmirik. Məntiqi nəticə sadəcə xalqımıza, tariximizə qarşı yönəlmiş mənəvi soyqırımın işartılarını ortaya çıxarır. Bəzi səlahiyyətli şəxslər öz mənafeləri uğruna nələri qurban verdiklərini fərqində deyillər, və ya bilərək, yavaş-yavaş bu etinasızlığı adi hal kimi bizə yeritməyə çalışırlar. Aidiyyəti qurumların və səlahiyyətli şəxslərin, ən əsası qəlbində Azərbaycan sevgisi olan şəxslərin bu kimi halların aradan qaldırılması üçün lazımi tədbirlər görəcəyini və belə vəziyyətlərin artmasına yol verməyəcəyini İctimai Birliyin çoxsaylı üzvləri olaraq ümid edirik.

 


114 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.