SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
Əliyevin bu sözləri Ermənistanı SİLKƏLƏDİ: Moskva və Bakı Qarabağla bağlı RAZILAŞDI?
SİYASƏT 16:40 / 14.12.2018

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlər Ermənistanda qorxu yaradıb. Zaxarova ötən gün mətbuat konfransında Azərbaycan və Ermənistan arasında fəal dialoqun olduğunu bildirib.

"Əlbəttə, dialoq var. Müəyyən sənədlərin qəbulundan və baş tutmuş söhbətlərdən sonra aydındır ki, dialoq var və aparılır. Biz Rusiya tərəfi kimi həmsədr qismində əsas məqsədin əldə olunmasına yönəlmiş müsbət dinamikaya fəal kömək göstərəcəyik”, - Rusiya rəsmisi qeyd edib.

Konkret hansı dialoqdan söhbət getməsinə gəlincə, Zaxarova buna aydınlıq gətirməyib.

O, həmçinin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Bakıya gələn Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyini də bildirib.

Xəbər veririk ki, erməni şərhçi Sarqis Artsruni Moskva və Azərbaycanın münaqişəsinin nizama salınması prosesi haqqında razılıqlara malik olduğunu istisna etməyib.

"Deməyə çətinlik çəkirik ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi məhz hansı dialoqdan danışır. Əgər söhbət MDB sammiti (dekabrın 6-da Sankt-Peterburqda keçirilib – red.) çərçivəsində İlham Əliyev və Nikol Paşinyan arasında olan söhbət nəzərdə tutulursa, onda bunu dialoq və ya qurulmuş proses saymaq çətindir. Əlbəttə, nəzərə olaraq istisna etməyəcəyik ki, Moskva və Azərbaycan nizama salınma prosesi haqqında razılıqlara malikdir”.

Bundan başqa, erməni siyasi şərhçi qeyd edib ki, Lavrovun səfərindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ problemi ilə əlaqədar növbəti bəyanatı diqqətəlayiqdir.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə etdiyi çıxışında bu il Ermənistanda çox ciddi dəyişikliklər baş verdiyini bildirmişdi:

"İyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çökdü və bizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq.

Bizim təşəbbüsümüzlə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir. Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni, bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır”.

İlham Əliyev həmçinin, qeyd edib ki, işğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olmuşdur: "O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik”.

Sarqis Artsruni hesab edir ki, dialoqa işarə edən Mariya Zaxarova ilə münaqişənin nizama salınması üzrə əlverişli şəraitin olduğunu bildirən İlham Əliyevin bəyanatında oxşarlıq var.

"Azərbaycan Prezidenti Ermənistanın təcrid edilməsi siyasəti haqqında danışır. Ehtimal ki, KTMT-də yaranmış vəziyyətə işarə edir. Yeri gəlmişkən, diqqətəlayiqdir ki, Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra KTMT-nin heç bir üzvü hələ Paşinyanı təbrik etməyib. Sözsüz ki, təsadüfi olmayan hadisə və bu, təşkilatda Ermənistan üçün əlverişsiz vəziyyətdən xəbər verir. Çox güman ki, ki, İlham Əliyev məhz buna işarə edir”, - deyə erməni siyasi şərhçi sözlərini yekunlaşdırıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.