SON XƏBƏRLƏR
20 Yanvar 2019
19 Yanvar 2019
18 Yanvar 2019
Dedi ki, Əvəz Əhmədov ondan hədə-qorxu ilə pul tələb edir - MƏHKƏMƏ
ARAŞDIRMA 17:45 / 10.01.2019

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Xəbərə görə, Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində şahid qismində Habil Cəfərov ifadə verib. 

O, zərərçəkmiş şəxs Rəşad Tahirovun dostu olduğunu deyib. Onun sözlərinə görə, R.Tahirov ondan 40 min dollar borc pul istəyib:

"Dedi ki, Əvəz Əhmədov ondan hədə-qorxu ilə pul tələb edir. Mən bu hadisəyə qədər Əvəz Əhmədovu tanımırdım, amma adını eşitmişdim. Rəşad dedi ki, Hörmət həkimin Əvəzə olan borcunu ondan istəyirlər. Rəşad 220 min dollar tələb edildiyini dedi. Mən də Əvəz müəllimə zəng edib, görüşmək istədiyimizi dedim. Ora gedəndə Əvəz müəllimə dedim ki, axı borc 140 min manatdır, niyə 220 min dollar istəyirsiniz? Biz razılaşmadıq.

Rəşada dedim ki, dur, gedək. Rəşad qalxmadı, dedi ki, iki evinin sənədləri onlardadır. Əvəz Əhmədov da dedi ki, Rəşad qalxa bilməz. Sonra biz oturub yenidən danışdıq. 140 min manata razılaşıb gəldik”.

Suallara cavab verən Habil Cəfərov həmin görüşdə Əvəz Əhmədov tərəfindən heç bir hədə-qorxu ilə qarşılaşmadıqlarını deyib. 

Sonra Ə.Əhmədov ifadə verərək, Rəşada heç bir hədə-qorxu gəlmədiyini deyib:

"Hədə-qorxu gəlirdimsə, nəyə görə gedib polisə ərizə ilə müraciət edib, pulunu tələb edirdim. Məndən armatur satışı üçün 140 min dollar istədilər. Bu işin qazancı 80 min dollar idi. Mən də buna görə 220 min istəyirdim. Sonra Habil də gəldi, danışdıq. Mən qazancımdan keçdim və öz halal pulumu istədim. Onlara qarşı insanlıq etmişəm”.

Sonra digər şahid Sahil Allahverdiyev ifadə verib. S.Allahverdiyev bildirib ki, Rəşad Tahirova 55 min dollar borc verib və hazırda həmin borcun bir qismini geri ala bilib.

Prosesdə zərərçəkmiş Hörmət Əsgərov təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını deyib. 

Məhkəmə prosesi  yanvarın 16-da davam etdiriləcək. 

Qeyd edək ki, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən "Park Plyus” əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarına söz verib və buna görə də Hörmət Əsgərovu sərbəst buraxıb. 

İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb.

Elan olunmuş ittihamla Əvəz Əhmədov özünü günahkar bilməyib.

Bildirək ki, sabiq nazirin qardaşı Əvəz Əhmədov hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilir. 

Zərərçəkmişlər Rəşad Tahirov və Hörmət Əsgərovdur. O, hər iki şəxsdən 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

Əvəz Əhmədov Cinayət Məcəlləsinin 182.3.2-ci və 145-ci maddələri ilə ittiham olunur. 

Zərərçəkmişlərdən Hörmət Əsgərov Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci il dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.



Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.