SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Niyaməddin Musayev: Şou-biznes mədəniyyətimizə xələl gətirə bilməz - MÜSAHİBƏ
MƏDƏNİYYƏT-ŞOU 02:54 / 09.03.2019

Oxu.Az-ın müxbirinin suallarını "Şöhrət” ordenli Xalq artisti Niyaməddin Musayev cavablandırır:

- Niyaməddin müəllim, Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirdiyi görüşü necə qiymətləndirirsiniz?

- Mən özüm həmin görüşə dəvət olunmamışdım.

Düzdür, bir çox sənətçilər, tanınmış mədəniyyət və incəsənət xadimləri həmin görüşə dəvət olunmuş, çağırılmışdı, amma mənə deyilməmişdi. Bununla belə, hamını da həmin tədbirə çağırmaq, onları  bir yerə yığmaq olmazdı.

Həmin görüşdə də bir çox məsələlər müzakirə olunub və bu televiziya, mətbuat vasitəsi ilə geniş şəkildə işıqlandırılıb. Hər birimizin də orada edilən söhbətlərdən, müzakirələrdən xəbərimiz var.

Hesab edirəm ki, əhəmiyyətli, vacib bir görüş idi və nəticə etibarı ilə də mədəniyyətimizin inkişafına xidmət edəcək.

- Əgər həmin görüşə dəvət edilsəydiniz, hansı məsələləri qaldırardınız?

- Düzünü desəm, bu haqda fikirləşməmişəm.

Tam dəqiq deyə bilmərəm ki, nələrdən danışardım. Amma bununla belə, mən də orada səsləndirilən fikirlərlə əksərən razıyam və elə bilirəm ki, onlardan artıq nəsə deməyəcəkdim.

Deyiləcəklərin bir çox elə orada səsləndirildi və ən əsası səsləndirilən fikirlərə böyük diqqət, nəzər yetirildi.

Həmin görüşdən sonra kinomuzla, mədəniyyətimizin digər sahələri ilə bağlı dövlət başçısı tərəfindən bir sıra fərman və sərəncamlar imzalandı.

Hamısı da alqışa, təqdirə layiqdir.

- Niyaməddin müəllim, bir sənətkar kimi bəs mədəniyyətimizin, incəsənətimizin, sənət aləmimizin durumunu necə qiymətləndirirsiniz?

Vəziyyət qaneedicidirmi, yoxsa, şou-biznes necə deyərlər, sənət dünyasını, əsl sənəti öz caynaqlarına keçirib?

- Şou-biznes belə demək mümkünsə, ayrıca bir aləmdir, qeyri-hökumət təşkilatıdır. Onu öz proqramı, öz çərçivəsi var.

Əlbəttə, onlar da nəzarətdən kənarda deyil, dövlətin nəzarəti altındadır. Onlar mədəniyyətimizə artıq-əskik nəsə edə, xələl gətirə bilməzlər. Gətirsələr belə, onların qarşısı alınar və alınır.  Bu gün daha çox şən, şux, oynaq mahnılar, nəğmələr oxunur. İnsanların daha nikbin, daha gözəl əhval-ruhiyyəli olmasına çalışılır, cəhd edilir.

Bizim belə demək mümkünsə, çoxçeşidli musiqilərimiz, nəğmələrimiz var. İstər muğam aləmini, istər estradanı, istər simfonik musiqini,  istər xalq ruhunda olan bəstəkar mahnılarını, istər el, aşıq havalarını, istərsə də şou-biznesi götür, burada böyük rəngarənlik mövcuddur.

Gənc müğənnilərin bir çoxunun ifalarına, oxuduqları mahnılara istər  radio, istər televiziya vasitəsi ilə qulaq asıram, görürəm ki, nə qədər müxtəliflik, rəngarənglik mövcuddur. Artıq musiqi sahəsində də dünyaya inteqrasiya edilir, bəsitlik yoxdur, inkişaf gedir.

Düzdür, bəzi adamlar bunu görə, hiss edə bilmirlər,  amma mən sənət adamı, illərimi bu sənətə verən bir sənətçi kimi bunları daha yaxşı duyuram, ayırd edirəm. Məsələn, o vaxtlar, sovetlər dövründə belə inkişaf yox idi.

O zamanlar da demək olmaz ki, hər şey əla idi. Xeyr, qətiyyən belə deyil, o dövrün özündə də çatışmazlıqlar var idi. Bugünkü inkişaf isə heç şübhəsiz ki, ilk növbədə müstəqilliyimizdən, müstəqil dövlətimizdən irəli gəlir.

Artıq kimsənin hüquqları pozulmur, senzuraya, qadağaya məruz qalmır. Kimin istedadı varsa,  kimin sənəti varsa,  bunu canla-başla xalqa, tamaşaçılara, dinləyicilərə nümayiş etdirir. Bu, daha gözəldir, daha məqbuldur...

- Bu gün şəxsən özünüzün rahatlıqla dinlədiyiniz müğənnilər, gənc ifaçılar varmı?

- Əlbəttə, var. İstər muğam, istər estrada aləmində, istərsə də şouda olsun, ifalarına axıracan qulaq asdığım, zövqlə dinlədiyim ifaçılar az deyil.

Bilirsiniz ki, sovetlər dövründə estrada janrı Azərbaycanda vardı, inkişaf etmişdi və bu janr da saksafon, akkordeon ifalarından ibarət, yəni, Avropasayağı idi.

Amma milli estradamız sonralar yaranmağa başladı və qeyri-təvazökarlıq kimi səslənməsin, bunun təməlini də qoyan mən olmuşam. Bunu da tək mən demirəm, iddia etmirəm, bu, Ulu öndərimiz verdiyi qiymətdir, dəyərdir.

Ulu öndər Heydər Əliyev məni "Şöhrət” ordeni ilə təltif edəndə bu sözləri haqqımda səsləndirmişdi. Yəni, indi həm vətənpərvərlik ruhunda,  həm milli ruhda nəğmələrin səslənməsi, milli estrada nümunələrimizin ortaya qoyulması çox gözəldir.

Bunun bir üstünlüyü də odur ki, hətta, muğam ifaçılarımız, xanəndələrimiz belə bu üslubda, bu janrda ifa edə bilirlər. Onlar Avropasayağı oxuya bilməzlər, çünki tamam başqa bir səpgidədir. 

Bütün gənclər demək olar ki, özlərini artıq əksəriyyət etibarı ilə burada tapıblar. Mən də şəxsən buna çox sevinirəm ki,  gənclər hamısı bunu qəbul edir və bu, dövlətimiz tərəfindən də qiymətləndirilir. İndi gözəl mahnılar çoxdur.

Gözəl oranjemanlar var. Bunların nəyi pisdir ki?!

Eyni zamanda, bəzi qulağa xoş gəlməyən, zövqləri korlayan, müəyyən şənlik, şadlıq mərasimlərində oxunan ara mahnıları var ki, onlar da zaman-zaman, tədricən aradan çıxacaq. Zəif oxuyanlar özləri yavaş-yavaş bu sənətdən çıxıb gedəcəklər.

Elin ələyi, süzgəci var,  zəiflər gedəcək, möhtəşəm ifalar qalacaq.

- Belə fikirlər də tez-tez səslənir, gündəmə gətirilir ki, sənət adamlarının çoxunun maddi durumu yaxşı, qənaətbəxş deyil. Siz bu haqda nə deyərdiniz?

- Bilirsiniz, kiminsə fikrinə, mövqeyinə şərh vermək istəməzdim. Hər kəsin öz mövqeyi, fikri var və ona da hörmətlə yanaşıram. Amma mən heç də o fikirdə,  o  iddiada deyiləm.

Azərbaycanda hər zaman-istər Ulu öndər Heydər Əliyevin dövründə, istər ölkə prezidenti cənab İlham Əliyevin dövründə sənətə, mədəniyyətə, incəsənətə, sənət adamlarına, yaradıcı, ziyalı insanlara böyük diqqət və qayğı göstərilib.

Hələ o zamanlar, müstəqilliyimizin ilk illərində Ulu öndərimiz sənət, elm adamlarına prezident təqaüdü ayırmışdı.

Dövlət tərəfindən dəstək verilmişdi həmin adamlara. Bu gün də yaradıcı insanlara, sənət, elm adamlarına prezident təqaüdü verilir və hesab edirəm ki, az pul da deyil. 1450 manat prezident təqaüdüdür, eyni zamanda, üstəlik Heydər Əliyev Fondu tərəfindən də maddi-mənəvi dəstək göstərilir.

Bundan artıq nə olasıdır ki?! Bunun özü də çox yaxşı, təqdirəlayiq haldır. Bu baxımdan hesab edirəm ki, bu məsələdə bir qədər ifrata varmaq lazım deyil.

Əgər sən konsertlərdə iştirak edirsənsə və buna görə sənə pul, qonorar verilərsə, bunun nəyi pisdir, daha nə olmalıdır ki?!

- Bu gün niyaməddin musayevlər yetişirmi, estafeti rahatlıqla təhvil verə biləcəyiniz yeni niyaməddinlər varmı?

- Zaman özü onları yetişdirir. Dahiləri də zaman yetişdirib, onlar zamanı yetişdirməyib. Odur ki, zaman özü onları tədricən yetişdirəcək.

Təbii ki, gözəl səsə malik olan, istedadlı  gənclər, ifaçılar var. Bu baxımdan, gələcəyi yaxşı görürəm, çox da narahatlıq keçirməyinə dəyməz.

Hər şey qaydasında, yolundadır, öz axarı ilə gedir.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.