SON XƏBƏRLƏR
27 May 2019
26 May 2019
25 May 2019
24 May 2019
23 May 2019
Gürcüstanda polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib
DÜNYA 21:37 / 21.04.2019
Gürcüstanın Axmeti rayon bələdiyyəsinin ərazisində Alazan çayı üzərində Su Elektrik Stansiyasının (SES) tikintisinə etiraz əlaməti olaraq bu gün Pankisi dərəsində etiraz aksiyası keçirilib.

Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Bir neçə şəxs yaralanıb. Təcili yardım briqadaları yaralılara kömək göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın İctimai televiziyası hadisə yerindən məlumat yayıb.

Məlumatda bildirilir ki, Alazan çayı üzərində 5,4 meqavat gücündə "Xadori 3” SES-in tikintisi planlaşdırılır. Tikinti işlərinə 2018-ci ildə başlanmalı idi. Lakin o zaman yerli əhali SES-in bölgə üçün ciddi ekoloji təhlükə mənbəyi olacağını iddia edərək tikintinin qarşısını almışdı.

Hökumət həmin ərazidə ekspertiza apardıqdan sonra SES-in tikintisinin ətraf mühit və Birkiani kəndinin əhalisi üçün təhlükə yaratmayacağını bildirib. "Alazeni Enerji” və "Peri” şirkətləri aprelin 21-də tikintiyə başlamaq üçün əraziyə texnika gətirib. Lakin yerli əhali yolu bağlayaraq tikintiyə imkan vermir.

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) faktla bağlı bəyanat yayıb. Bildirilir ki, asayişi bərpa etmək üçün hadisə yerinə əlavə polis əməkdaşları cəlb olunacaq. Təxribatların qarşısını almaq üçün qanun çərçivəsində müəyyən tədbirlər görüləcək.

Aksiya iştirakçıları geri çəkilmək niyyətində olmadıqlarını bəyan ediblər.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.