SON XƏBƏRLƏR
16 Iyun 2019
15 Iyun 2019
14 Iyun 2019
13 Iyun 2019
İlanlarla bağlı əhaliyə XƏBƏRDARLIQ!
CƏMİYYƏT 09:45 / 16.05.2019

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu ilanların fəal dövrünün başlaması ilə əlaqədar insanları diqqətli olmağa çağırıb.

FaktXəbər-in məlumatına görə, institutun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, zəhərli ilanların öyrənilməsi ilə məşğul olan Təvəkkül İsgəndərov Trend-ə açıqlamasında bildirib ki, Azərbaycan ərazisinin 60 faizindən çoxunda ilanlara rast gəlmək mümkündür. İlanlar Kür-Araz ovalığında, Qarabağ, Şirvan düzənliyində, Muğan düzündə, bir sözlə ölkəmizin bütün isti və quraq dağətəyi çöllüklərində olurlar:

"İlanların, o cümlədən levantin gürzələrinin fəal dövrü başlayıb. Buna görə də həmin ərazilərdə yaşayan, işləyən və ya gəzintidə olan insanlar diqqətli olmalıdırlar".

T.İsgəndərov qeyd edib ki, ilanlar, adətən, kolların dibində, qayaların altında, siçan və siçovulların yuvalarının içində, tərəvəz tağlarında, torpaqlardakı çatlarda, eləcə də insanlar tərəfindən yaradılmış "sığınacaqlarda"- zirzəmilərdə, abad olmayan həyətlərdə - burada toplanmış tullantıların içində, daş qalaqlarının, taxta materiallarının altında, evlərin damlarında gizlənirlər:

"Öz həyətində ilanlardan qorunmağın ən yaxşı yolu budur ki, həyətini ilanlar üçün cəlbedici etməyəsən. Həyətin hər tərəfinə daşdan hasar çəksən belə, əgər onun içində tullantılar yığılıbsa, abadlıq yoxdursa, kərtənkələ, qurbağa, yəni ilanlar üçün yem varsa, onda orada ilanlar olacaq. İlan hasardakı balaca deşikdən belə özünə yer tapıb həmin həyətə girəcək. Buna görə də çalışmaq lazımdır ki, həyətlərdə ilanların gizlənə bilməsi üçün yer, qidalanması üçün yem bazası olmasın. İlanlar iyunun ortalarından yumurta qoymağa başlayırlar, adları qeyd edilən yerlərdə ilanlar öz yumurtalarını gizlədə də bilərlər".

Mütəxəssis ilanların ola biləcəyi ərazilərdə yaşayan və işləyən insanların təhlükəli ilan sancmalarından qoruna bilməsi üçün mümkün yolları da açıqlayıb:

"İnsanlar bilməlidirlər ki, adları qeyd edilən yerlərdə olarkən, məsələn, həyətindəki taxtanı qaldırarkən, yaxud tağlar arasında işləyərkən çox diqqətli olmaq lazımdır. Bunun üçün insanlar birinci növbədə ilan gizlənə biləcək yeri cubuqla yoxlamalıdırlar. Əgər ilan görərlərsə, narahat olmasınlar. Əllərində heç nə olmadıqları halda, onu tutmağa, ya da öldürməyə cəhd etməsinlər. Bu, onların həyatı üçün təhlükəli olar. İlanı tapdalamasan, ona yaxınlaşmasan, o, səni sancmayacaq, gizlənmək üçün özünə yer axtaracaq. Onu da unutmayın ki, ilan sizi heç vaxt təqib etməyəcək, o, yalniz özünü müdafiə edəcək! Yaxşısı budur ki, ilanı gördükdə onun ərazidən uzaqlaşmasına, gizlənməsinə imkan yaradasınız, onun harada gizləndiyini müəyyən edəsiniz. Bundan sonra isə ilanın gizləndiyi ərazidə, 1,5 metr məsafədən onun üstünü tamamilə örtmək üçün üzərinə kisə, pencək və s. atın. O, üstünü bağlı gördükdə özünü gizlənmiş hesab edəcək. Yalnız bundan sonra ilanı zərərsizləşdirmək olar".

T.İsgəndərov öldürülən ilana görə onun cütünün, yaxud qardaşlarının qisas alması barədə deyilənləri də rəvayət adlandırıb.

Onun sözlərinə görə, bəzən həyətində ilan öldürən şəxs bu hadisədən sonra başqa ilanı gördükdə onun qisas almaq üçün buraya gəldiyini zənn edir:

"Bəzən həyətdə bir deyil, bir necə ilan olur və onların da hamısı eyni vaxtda görünmür. İlanı öldürdükdən sonra həyətdəki ilanlardan digərini görən şəxs də elə bilir ki, bu ilan həyətə qisas almaq üçün gəlib. Lakin bu məlumatların heç biri düzgün deyil. İlanların öldürülməsinə görə onun cütünün, yaxud qardaşının qisas alması barədə deyilənlər ancaq rəvayətdir".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.