SON XƏBƏRLƏR
24 Avqust 2019
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
"XəzərXəbər" Bakı arxipelaqının ən böyük adasında: Burada ilanlar sürü ilə hərəkət edir - VİDEO
CƏMİYYƏT 09:45 / 25.05.2019

Burada ilanlar sürü ilə hərəkət edir, dovşanları isə əllə də tutmaq olur...

Görüntülər Bakı arxipelaqının ən böyük adası olan Xərə-Zirədəndir. Milli Elmlər Akademiyasının 6 institutu, Şamaxı Astrofizika Rəsədxanası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrindən ibarət 30 nəfərlik heyət ilk dəfə adada kompleks araşdırmalara başlayıb. Məqsəd 450 hektara yaxın ərazisi olan adanın flora və faunasını tam öyrənməkdən ibarətdir. Araşdırmalara Yüksək Texnologiyalar Parkının hazırladığı dronlar da cəlb edilib.

Bulla adı ilə də tanınan ada vulkan püskürməsi nəticəsində yaranıb və burada hazırda da fəaliyyətdə olan palçıq vulkanları var.

Yarımsəhra tipli landşafta malik adada bitki örtüyü də çox zəifdir. Buranın ən maraqlı cəhəti isə canlı aləmidir. Adada ən çox yayılan canlılar su ilanları, dovşanlar və kərtənkələlərdir. Buradakı su ilanları Azərbaycanda ən geniş yayılmış ilan növüdür. İlanlar gündüz otlaqlarda və yulğunların kölgəsində sərinləməyə üstünlük verir.

Gecələr isə ada boyunca hərəkət edirlər. Biz də gecəni məhz buradakı çadırlarda keçirməli olduq. Çadırların ağzını 5-10 dəqiqə açıq qoymaq kifayət edər ki, oraya bir neçə ilan daxil olsun.

Adadovşanları da Xərə-Zirədə ən çox olan canlılardır. Adanın hər yerində bu heyvanların yuvalarına rast gəlmək mümkündür. Vulkan lavasından kənardakı ərazilərdə dəstələrlə qaçdıqları açıq-aydın müşahidə edilir. Bu dovşanlar digərlərindən fərqli olaraq insanlara daha çox yaxınlıq verir. Hətta onları əllə də tutmaq mümkün olur.

Adanın sakinləri arasında ceyranlar da var. Mütəxəssislər tərəfindən indiyədək burada 11 baş ceyran sayılıb. Adada gəzdikdə xeyli ceyran və dovşan skeletləri gözə dəyir. Bunun da səbəbi burada ekosistem yaranmasının tam başa çatmamasıdır. Yəni, adada yırtıcı heyvanlar olmadığı üçün dovşanları məhv edən yoxdur. Bu səbəbdən də onlar qocalıb ölənə qədər yaşayırlar.

Araşdırmaların yekunu olaraq ada haqqında geniş monoqrafiya hazırlanacaq. Həmçinin, xarici ölkələrdə Xərə-Zirənin flora və faunası ilə bağlı məqalələr çap olunacaq.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.