SON XƏBƏRLƏR
25 Iyun 2019
24 Iyun 2019
23 Iyun 2019
22 Iyun 2019
AĞADADAŞ KƏRİMOV, MEHRİBAN SADIQOVA, ELƏCƏ DƏ RUSİYADAKI SƏFİRLİK TƏRƏFİNDƏN XOŞAGƏLMƏZ YAZIYA İSTİ MÜNASİBƏT -- ÇİRKLİ PLANIN TƏSDİQİ
CƏMİYYƏT 22:17 / 07.06.2019
ŞƏRİN, BÖHTANIN RİTORİKASINDAN  GÖRÜNÜR Kİ, BU YAZI DA TƏSADÜFİ DEYİL, SİFARİŞ ELƏ YERDƏN GƏLİB Kİ...


Öz çıxışlarında Ulu Öndərimiz Heydər Əliyev də, daha çox Rusiya Federasiyasında məskunlaşan soydaşlarımızı bir araya gətirməyin vacibliyini xüsusi vurğulayır, bunu əsas vəzifə kimi qarşıya qoyurdu. Ümummilli Liderimiz yaxşı bilirdi ki, bu böyük ölkənin dörd bir yanına səpələnən həmyerlilərimizin özlərinin ayrı-ayrılıqda təsis etdikləri təşkilatların bir mərkəzdə birləşməsi tezliklə baş tutmasa, onlar gözlənilən çox ağır günlərini yaşayacaq. Elə, bu təhlükənin qarşısını almaq məqsədilə, o, dövlət başçısı olaraq, müstəqilliyinə yenicə qədəm qoyan Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsini yaratmaq təşəbbüsünü də irəli sürdü. 
       Ulu Öndər çıxışlarında diasporların ölkəmizin xaricdə uçan qanadları olduğunu çox gözəlliklə vurğulayırdı. Təəssüf ki, bu gözəl sözləri əlimizdə şüar tutaraq, indiyədək bu adı doğrulda, qonşu ölkədəki milli diasporumuzun birliyinə nail ola bilməmişik. Adıçəkilən təşkilatın xətti ilə, Heydər Əliyev ideyalarının təntənəsinə nail olmamağımızın acı nəticəsidir ki, formalaşıb, inkişaf etməyən Azərbaycan diasporunun işləri sözdən o tərəfə getməyib və biz, yaşadıqları ölkədə Heydər Əliyevin banisi olduğu milli dölətçiyilimizin, ağrılı problemimiz olan Qarabağ həqiqətlərinin geniş təbliği, həmvətənlərimizin hüquq və maraqlarının müdafiəsi məsələlərində hələ də ciddi şəkildə uduzuruq. Diaspor fəallarımızın qarşılıqlı münasibət və anlayışları səmimi olmadığına görədir ki, bu sahəyə sərf etdiyimiz bütün enerjimiz illərdir boşa gedir. Nəticədə, getdikcə daha da zəifləyən diasporumuzun hər il köhnə və nüfuzlu təşkilatlarını itiririk. 
      Azərbaycanın iqtisadi-siyasi baxımdan güclənməsinin xaricdəki, xüsusən Rusiyanın ayrı-ayrı ərazilərindəki bəzi diaspor təşkilatlarımızın işinə müsbət təsiri olsa da, bunların arasında ən önəmlisi -- soydaşlarımızın təşkilatlandırılıb, bir araya gətirilmələri və həmin ölkələrin ictimai-siyasi proseslərinə təsir imkanlı vahid mövqedən qoşulmaları mümkün olmur. Bütün bunlara görədir ki, Azərbaycanın tanıdılmasında rolu hələ də aydın görünməyən diasporumuzun fəaliyyəti yaxşı cəhətdən dəyərləndirilmir .
      Bir diaspor fəalı kimi, qəti şəkildə deyirəm ki, xaricdə nüfuz sahibi olan soydaşlarımıza qarşı özümüzünkülərin iyrənc planları əsasında başladılan qəbuledilməz qarayaxma kampaniyaları,  belələri tərəfindən düşünülmüş şəkildə ortaya "səpilən qarşıdurma toxumları", eləcə də ortadakı saysız-hesabsız intriqa və ədavətlər diasporumuzun işinin normal inkişafına əngəl yaradan başlıca səbəblərdir. Bu, həm də, düşmən "dəyirmanına su tökməkdən" betər bir biabırçılıq kimi, milli diasporumuzun tarixinə qara ləkələr vurur. Bu məyusedici mənzərə həmvətənlərimizin daha çox yaşadıqları çoxmillətli Rusiya Federasiyasında daha acınacaqlı şəkildə nəzərə çarpır. Nüfuz sahibi olan həmin soydaşlarımıza qarşı qərəz, kin-küdurət çərçivəsində başladılan şər-böhtan kampaniyalarının, təşkilatlarda vəzifə tutanların ictimai yerlərdə "qızıl qayda”nı yadda saxlamadan öz yerliləri barəsində səsləndirdikləri məsuliyyətsiz fikirlərin, diaspor qurumlarımız arasında qəsdən törədilən intriqa və ədavətlərin illərdir davam etməsi, bunların qarşısını alacaq kimsənin tapılmaması, hətta Azərbaycanın Diasporlarla İş üzrə Dövlət Komitəsinin, digər məmur kontingentinin, habelə bu ölkədəki səfirlik və konsulluqların belə ciddi məsələlərə vaxtında reaksiya verməmələri, onların tanınmış diaspor nümayəndələrinə qarşı soyuq münasibətləri ürək göynədir. Çox mənfi bir hal kimi, bütün bunlar nəinki burada yaşayıb, fəaliyyət göstərən çoxsaylı ziyalılarımızın və iş adamlarımızın, eləcə də sadə soydaşlarımızın, ümumi mənada isə, bütövlükdə doğma Vətənimizin xeyrinə olmur. 
      Dünya Azərbaycanlılarının sonuncu qurultayında ölkə başçısı İlham Əliyev cənabları da, bu və digər xoşagəlməzliklərlə bağlı çoxlu iradlar səsləndirib və onların ortadan yığılması üçün öz tövsiyyələrini verib. Əsas tövsiyyələrindən biri ondan ibarət olub ki, diaspor təşkilatları öz aralarındakı mövcud problemləri təcili aradan qaldırsın, səfirlik və konsulluqlarla iş mexanizmlərini operativ hala gətirsinlər. Elə, onda çalışmaq lazım idi ki, göstərilən problemlər tezliklə aradan qaldırılsın. Lakin bu olmadı! Danılması mümkün olmayan bir faktdır ki, prezident tövsiyyələrinin həyata keçirilməsinə əməl etmək və təşkilatların vahid birliyinə nail olmaq heç kəsi maraqlandırmadı. Çünki diaspor təşkilatlarımızın fəaliyyət istiqamətlərini hansısa vahid qurum yox, onları yaradan şəxsi liderlik ambisiyaları güclü şəxslər müəyyənləşdirib həmişə. Diaspor təşkilatlarında yüksək vəzifə tutan bu şəxslərin xoşlarına gəlməyən həmyerliləri barədə yuxarılara alçaq donoslar ötürmələri, daxili münaqişə və intriqaların artmasına şəxsi mənafe naminə qəsdən münbit şərait yaratmaları, liderlik uğrunda vicdan çərçivəsinə sığmayan xoşagəlməz mübarizələri, getdikcə qızışan digər iddiaları isə, dövlətimizin və xalqımızın ümumi mənafeyi naminə olacaq diaspor birliyinə imkan verməyib. Beləcə, təkhakimiyyətlik uğrunda mübarizəyə son verməyənlərin bağışlanmaz günahları ucbatından, diaspor təşkilatlarında komanda ruhu yaranmayıb. Halbuki hər bir azərbaycanlı, harada yaşamasından asılı olmayaraq, dövlət, dövlətçilik anlamlarının müqəddəsliyini dərk etməli, bunu, şərəf məsələsi olaraq, bütün dəyərlərdən üstün tutmalıdır.
       Düzdür, Diaspor Komitəsinin işinə yeni nəfəs verməyə çalışan yeni rəhbərliyi və onun yeni ruhla çalışan əməkdaşları, yuxarıda göstərdiyim bəzi neqativ halların qarşısının alınması üçün, vacib addımlar atıblar. Lakin təxribatçı qüvvələr hələ də meydandadırlar və öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Əgər hər hansı təşkilat rəhbərinin reputasiyası təmizdirsə, ona qarşı hücumlar başladır, onları siyasi intriqalara cəlb edib, qaralamaq niyyətlərini reallaşdırmaq üçün hər an fürsət güdürlər. Paxıl və intriqaçı belə insanların müsbət əhvallı, mehriban xarakterli, təəssübkeş, Vətən sevgili öz həmvətənliləri ilə belə soyuq münasibətləri qəbuledilməzdir. Bunlara görə, onların vicdanları ağrımır da.
      Yalnız öz mənafeləri üçün çalışan, öz fikir və maraqlarını digər həmvətənlərinin maraqlarından daha vacib hesab edən belə azərbaycanlıların belə bəd əməllərinə görədir ki, bu ölkədəki Azərbaycan diaspor təşkilatlarının birliyinə nail olmaq mümkünsüz olub. Məhz belə riyakar qruplarda cəmləşən həmvətənlərimizin, -- kimliklərindən, vəzifələrindən asılı olmayaraq, -- bağışlanmaz günahları ucbatındandır ki, Rusiya kimi nəhəng bir ölkədə Azərbaycan diasporu üçün keçilməz bir ‘’bataqlıq’’ yaranıb. Bu keçilməzliyin acı nəticəsidir ki, bir çox regionlarındakı diaspor təşkilatlarımızın strukturları iflic vəziyyətə düşərək, öz effektivliyini itirib, nüfuzları isə, tamamilə zəifləyib.
      Bir daha qeyd etmək istərdim ki, Azərbaycan diasporunun problemləri liderlik uğrunda mübarizələrdən yaranıb. Əksər diaspor strukturlarındakı yüksək liderlik ambisiyaları ictimai təşkilatlar daxilində intriqalara səbəb olub. Pərdə arxasında kimin lider və nüfuz sahibi olacağı ilə bağlı qızışan söhbətlərdə diasporumuzun acı taleyinə start verilib.  
Bundan başqa, liderliyə layiq nüfuzlu azərbaycanlıların imicinə hərtərəfli zərbə vurmaq üçün, diasporların ambisiyalı liderləri yazılı və elektron mətbuatın gücündən yararlanmağa belə əl atıblar.
Diaspor daxilində ictimai təhqir tipli mübahisələr, münaqişələr, intriqalar yaratmağı bacaranlar, onun rəhbərləri barədə hazırladıqları iftira, yalan, şər və böhtan dolu məlumatları mətbuat vasitəsi ilə ictimailəşdirməkdən belə çəkinməyiblər. Çox təəssüf ki,  Azərbaycan diasporu daxilində yaranan neqativlikləri həll etmək məsuliyyəti daşıyan qurumlar, hakim rolunu oynamaq yerinə, kənara çəkilərək, bu xoşagəlməz durumu seyr edirlər. 
       Bu günlərdə araz.az saytında dərc olunan "Azərbaycana xəyanət: İstedadlı fırıldaqçı kimi ad çıxaran Eynulla Fətullayevin erməni sevgisi -- Şok ittihamlar" sərlövhəli yazım da, Azərbaycan diasporunu əhatə edən problemlərin bu və digər mövzusu ətrafında idi. Məqalədə əsasən onu vurğulamışdım ki, həmin yazının sifarişi həm xaricdə nüfuz sahibi olan, həm də ölkəmizdə azərbaycanlı iş adamı kimi yaxşı tanınan Rusiyadakı "İntersever” şirkətlər qrupunun rəhbəri, xeyriyyəçi, ictimai xadim, siyasətçi, Dünya Azərbaycanlıları İttifaqının və Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti, eləcə də bu yaxınlarda Federasiyanın 56 regionunu təmsil edən diaspor qurumları təmsilçilərinin Moskva şəhərində təsis etdikləri Rusiya Azərbaycanlıları İttifaqına rəhbər seçilən Fizuli Məmmədovu "vurmaq" üçün verilib. Qeyd etmişdim ki, Rusiya kimi çətin bir ölkədə məskunlaşan soydaşlarımızı vahid bir təşkilatda birləşdirməyə çalışan tanınmış diaspor fəalımızı məlum dairələrin hədəfinə gətirənlər isə, Bakıda və Moskvada oturan xəyanətkar xarakterli azərbaycanlılardır. Bədniyyət sifarişçilər Fizuli Məmmədovun bu xoş işinin qarşısını almaq üçün, sonda, bu iyrənc metoda əl ataraq, süjet xətti adlara ironik yanaşmayla və iyrənc sər, böhtan ritorikasıyla zəngin həmin yazının mövzusunu haqqın.az saytına ötürüblər.
Sübutsuz-dəlilsiz tanınmış bir iş adamını, nüfuzlu ictimai təşkilatlar rəhbərini böhtanla vurmaq istəyən sifarişçilər yaxşı biliblər ki, mətbuatda bu iyrənc işi    istedadlı fırıldaqçı, böhtan və şantaj ustası kimi məşhurlaşan Eynulla Fətullayev daha yaxşı yerinə yetirə bilər. Onun iyrənc sifarişlər icraçısı olduğu barədə Rusiyada da çox söhbətlər gəzir. Milli adamlara qarşı kin-küdurət, qəzəb, şantaj, böhtan dolu sifarişləri küçə sözləri yazmaq qədər əcaibləşdirib, dramatikləşdirmək məhz Eynulla Fətullayevin xarakterinə uyğundur. İcraçının rəhbərlik etdiyi virtualaz.org və haqqın.az saytlarının çoxdandır məmur davalarının açıq poliqonuna çevrilməsi, həmişə hədəfdəki milli adamların "kürəyindən bıçaq saplamaq" üçün istifadə edilməsi və beləcə, hər kəsin qırmızı xəttini keçməsi bu əcaibliyin bariz nümunələridir. İnsanlıq əleyhinə yönləndirilən belə yazıların mediada ideya və istiqamətverici generatoru rolunu məharətlə oynayan bu şəxsin bu hakimiyyətə, bu dövlətə, onun aydınlarına və şərəfli ömür sahibi olan tanınmışlarına bu boyda pislik etməsi, etdikləri müqabilində layiqli payını almaması isə, başa düşülən də deyil. O da başa düşülən deyil ki, nədən, Eynulla Fətullayevin əcaib süjetli bu yazısına, dərcindən öncə, Rusiyadakı səfirlik və konsulluq nümayəndələri, eləcə də Moskvada fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyatının Moskva regional bölməsinin sədri, qızının erməni biznesmenlə evlənməsinə görə, ictimai qınaqdan hələ də yayına bilməyən Ağadadaş Kərimov, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova və onların tərəfdarları isti münasibət bəsləyiblər?!
      Araşdırmalarımız bunu deməyə əsas verir ki, Fizuli Məmmədovla bağlı belə bir iyrəncliyə start verənlər, onun mətbuatda düşməncəsinə hədəfə alınmasının sifarişçiləri də, elə, adlarını yuxarıda çəkdiyim adamlardır. Onların həmin yazıya dərcindən öncə isti münasibətlərinin olması da, deyilənləri inkaredilməz fakt kimi bir daha sübut edərək, çox sirlərin üstünü açır.
       Mən, tam əminliklə demək istərdim ki, araşdırma və təhlillərdə özlərini Azərbaycan xalqından həmişə üstün sayan və ermənilərə xidmət edən dairələrin sifarişçilər olduğu açıq-aydın görünür. İcraçı onlara xoş gəlmək üçün, Azərbaycanın çətin vaxtlarında ona həyan olan daha bir tanınmış soydaşımızın ünvanına aşağılayıcı sözləri yazmağa itrat dərəcədə şirnikib. Bu dəfə də, sifarişin ona ünvanlanması təsadüfi olmayıb və elə yerdən gəlib ki... 
      ...Eynulla Fətullayev bu yazını daha çox sifariş aldığı düşmən xarakterli həmyerlilərimizlə bir yerdə hazırlayıb və diasporçuluq sahəsində Fizuli Məmmədovun "kitabını bağlamaq" üçün, 
yuxarıda adlarını çəkdiyim qurumlarda ona "fakt" ötürüb, ilham verənlərindən "dəlil-subatlar” toplayıb. Görəsən, belə məlumatları ona ötürən bu şəxslərdən başqa, bizim digər düşmənə ehtiyacımız varmı?!
       Tam əminliklə deyirəm ki, Eynulla Fətullayevin belə bir yazı ilə çıxış etməsinin sifarişçiləri, Fizuli Məmmədovun diasporumuzda birlik yaratmaq üçün həyata keçirdiyi alqışalayiq son işlərini, gələcək planlarını gözügötürməyənlər, bu işlərin qarşısını almaq üçün onu intriqalara çəkmək və onunla digər diaspor təşkilatları rəhbərləri arasında ədavət yaratmaq istəyənlərdir. Onların kim olduğunu dedim və konkret digərlərinin adlarını da çəkə bilərəm. Tanınmış vəzifə sahibləri, təşkilat rəhbərləri olan həmin insanların diaspor qurumlarımızın arasında xoş münasibətlərin qurulmasını, onların birliyini istəməməsi təəccüb doğurur. Necə azərbaycanlısan ki, diasporumuzun artacaq təsiri və fəaliyyət miqyası səni belə qorxudur?! Paxıl və intriqant belə insanların iyrənc əməlləri əsl erməni hoqqasına bənzəmirmi?! Onlar, görünür, nüfuzlu diaspor qurumlarımızla Azərbaycan və Rusiya hakimiyyəti arasında isti münasibətlərin olmasını da istəmirlər?!     
      Rusiya Federasiyasındakı diaspor təşkilatlarımızın çoxu pərakəndə formada ayrı-ayrılıqda fəaliyyət göstərdiyindən, müsbət nəticəsi indiyədək ortada olmayıb. Təşkilatlar arasındakı bu əlaqəsizlik və narazılıq mühitindən yerli hakimiyyətlər həmişə böyük məharətlə istifadə ediblər. Rusiyanın müəyyən dairələrinin Azərbaycana qarşı münasibətlərini hamımız çox yaxşı bilirik; Bunu, uzaq olmayan tariximizə nəzər saldıqda belə aydın görmək olur. Belələri, bu gün Rusiyada Azərbaycan dövlətinin əleyhinə fəaliyyət göstərən düşmən qüvvələr tərəfindən maliyyələşərək, hər vəchlə xalqımız və mövcud hakimiyyət əleyhinə cürbəcür iyrənc iftiralar yağdıran "azərbaycanlıların” yaratdıqları "təşkilatlar”dan məharətlə istifadə edirlər. Əlbəttə, Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları vaxtında vahid siyasi gücə çevrilə bilsəydilər, indki situasiya da olmazdı. Bu təşkilatların fəaliyyətini tənzimləyib, yönləndirən şəxslərin düzgün, dinamik iş prinsipi seçməmələri ucbatından yaranan pərakəndəliyi, tədricən də olsa aradan qaldırmaq isə, çox çətin görünür. Təşkilat rəhbərləri arasındakı inamsızlığı aradan qaldırmağın özünün belə olduqca çətin bir proses olduğu heç kəsə sirr deyil. Fizuli Məmmədovu "vurmaq" istəyənlər isə, bilməlidirlər ki, diasporumuzu üzləşdiyi bu çətin durumdan çıxarmaq üçün, bu işi onun qədər mükəmməl bilənlərə ehtiyacımız böyükdür. Çünki, o,
1988-ci ildə Rusiyada azərbaycanlıların ilk birlik təşkilatını, -- onda diaspor anlamı yox idi, -- yaradanlardan biri olub. Arxasınzca daha enerjili və daha təşəbbüskar insanlar gəlib, ona dəstək olublar. Onda həmvətənlərimizin birliyinin əhəmiyyəti də xüsusi vurğulanıb. İndiki kimi, onda da, yalnız özləri haqqında yüksək səslə danışmağa çalışan diaspor fəallarımızın ambisiyaları imkan verməyib ki, Azərbaycan diasporunun birlik təməli möhkəm olsun. Liderlik uğrunda xoşagəlməz mübarizələr və daxili intriqalar sonralar Ümumdünya Azərbaycan Konqresini, o vaxtlar Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin xeyir-dua, Azərbaycan hakimiyyətinin dəstək verdikləri Ümumrusiya Azərbaycan Konqresini,
Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatı olan "AzerRos”u dağıdıb, parçalayaraq, süquta apardı. İyrənc donoslardan sonra Rusiya hakim dairələri Dünya Azərbaycanlıları İttifaqının Rusiyadakı fəaliyyətinə də xitam verdi. Meydanda yalnız iradəsiz və rəngsiz, səslərini ucaltmağa qorxan diaspor təşkilatları qaldılar. 
        Rusiyada diaspor siyasətimizlə bağlı yaranmış acınacaqlı vəziyyətdən çıxış yolu, ilk növbədə, yenidən təşkilatlanmağımızdan ibarət olmalıdır. Möhtərəm prezidentin yürütdüyü vahid siyasəti özümüzə prioritet seçərək, toparlanmalı, təcrübəmizdən yararlanaraq, formalaşmalıyıq. Dövlətimizin vahid Milli Konsepsiyasından, prezidentimizin yürütdüyü siyasətdən, qanunlarımızdan irəli gələn tələblərə əməl etməliyik. Buna nail olacağımız zaman, bütün keyfiyyətləri də özümüzdə tapacağıq. Onu da qeyd etməyi vacib bilirəm ki, bu gün Rusiyada xeyli sayda qeyri-aktiv fəaliyyət göstərən təşkilatlarımız var. Bu cür təşkilatları Azərbaycan amalı, Azərbaycan mənafeyi maraqlandırmır. ancaq bunun heç birinin uğurlu nəticəsi olmayıb. Keyfiyyəti olmayan kəmiyyət göstəricisi nəyə lazımdır?! Ən yaxşısı, Rusiya regionlarında fəaliyyət göstərən diaspor təşkilatlarımız öz aralarında hörməti olan, hər kəs tərəfindən rəğbətlə qarşılanan, ürəyi Azərbaycan eşqi ilə döyünən şəxsi, bu ölkədə yaranacaq vahid diaspor qurumunda təmsil olunmaq üçün nümayəndə seçməlidir. Vahid təşkilatda qəbul olunan qərarları, müəyyən edilən istiqamətləri yerli təşkilatlara bu nüfuz sahibi çatdırmalıdır. Çox təəssüflər olsun ki, fəaliyyətinə bir müddət öncə xitam verilən Ümumrusiya Azərbaycan Konqresi də, bunu zamanında edə bilmədi. Sonda bu hesabatlara rəğmən analiz aparmalı, fəaliyyəti və güc göstəriciləri zəif olan təşkilatlar ləğv edilməlidir. Bu cür olduğu halda, diaspor təşkilatlarımız arasında ümumi mənafe xeyrinə rəqabət başlayar, dinamika yüksələr və nəticədə, vahid siyasi gücə çevrilə bilərik. Diaspor təşkilatlarımızın stimullaşması, fəaliyyətlərinin yüksəlməsi, operativliklərinin artması üçün, möhtərəm prezidentimizin də tövsiyyə etdiyi kimi, doğma Vətənlə onların əlaqələrinin sürətlənməsinə önəm verilməlidir. Vətənlə yaranacaq birbaşa bağlılıq, həm də, Azərbaycan hakimiyyətindən, vəzifəli şəxslərdən asılı olan bir məsələdir. Diaspor nümayəndələrinə doğma Vətəndə xüsusi sevgi, xoş münasibət bəslənəcəyi halda, Azərbaycan güclü diaspor təşkilatlarına nail ola bilər. Bu, həm də sevimli dövlətimizin xoş gələcəyi naminə möhtərəm prezidentimizin apardığı hərtərəfli möhtəşəm siyasətə böyük bir dəstək olardı. təsis ediləcək yeni təşkilat gündəlik fəaliyyətində yuxarıda sadaladığım amilləri nəzərə alarsa, hesab edirəm ki, milli diasporumuz tez bir zamanda çox böyük nailiyyətlər əldə edər. Rusiya kimi nəhəng bir ölkədə, böyük siyasi təsirə malik diasporumuzun olması həm dövlətimizə, həm də xalqımıza çox gərəklidir. Taleyini bu ölkə ilə bağlayanlar, ilk növbədə, doğma Vətən və xalq mənafeyi naminə fəaliyyət göstərməyi qarşılarına vətəndaşlıq borcu kimi qoymalıdırlar.
       Fizuli Məmmədov da, Rusiya Azərbaycanlıları İttifaqının yaranması təşəbbüsünü buna görə verdi. Diasporçuluq sahəsində son vaxtlar nəzərə çarpan canlanma düşməni daha çox əndişələndirdiyindən, onun bu canlanmanın səbəbkarlarına qarşı iyrənc üsullara əl atması göz qabağındadır. Həmin səbəbkarlardan birinin də Fizuli Məmmədov olduğunu bilirik. Məhz buna görə də, paxıl qüvvələr onu mətbuatla vurmağı qarşılarına iyrənc məqsəd qoyublar.
Hansısa yollarla həmin insanlara cavab vermək mutləq lazımdır. Belə insanların hərəkətlərinə reaksiya verməmək, onların getdikcə daha paxıl hərəkətlər etməsinə səbəb olur. Sussaq, növbəti hədəfdə kimlərin və nələrin olacağı aydındır.
Söhbət yazanın və haqqında yazılanın kimliyindən getmir, söhbət milli dəyərlərimizdən, milli əxlaqdan gedir. Və bu çərçivədə də, ozünə, ailəsinə, xalqına sayğı duyan hər kəs, Eynulla Fətullayev kimilərin sosial mediasını başına alan belə mənəviyyatsız, tərbiyəsiz yazılara qarşı vaxtında reaksiya göstərməlidir. 



 (Deyilənlər barədə maraqlı digər məlumatlarımız da var, araşdırmalarımız olacaq. Bizi izləyin.).

Mirkazım SEYİDOV, 
Rusiya Azərbaycanlıları İttifaqı Təşkilat Komitəsinin üzvü, Rusiyadakı Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə "Yedinstvo" ("Birlik") Regionlararası Konqreslər Assosiasiyasının prezidenti, Azərbaycan və Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, yazıçı-publisist.





 .

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.