SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Heydər Əliyevin Ermənistanı Azərbaycanın quberniyası edəcək STRATEGİYASI
CƏMİYYƏT 14:50 / 12.06.2019
"Əgər o vaxt Heydər Əliyev Azərbaycanın rəhbəri olsaydı, torpaqlarımız heç vaxt işğal altına düşməzdi”.

Tarixi hadisələr Prezident İlham Əliyevin bu sözlərini təsdiqləyir. Və 90-cı illərə boylananda yaşananların, cəbhədəki müharibəyə paralel olaraq, şəxsi ambisiyalara söykənən hakimiyyətdaxili savaşların Azərbaycan torpaqlarının işğalı üçün ermənilərə ələdüşməz fürsət yaratdığını deməyə əsas verir. Nəticə bəllidir: 20 faiz torpaq işğal altına düşdü, bir milyondan artıq insanımız qaçqın və məcburi köçkün həyatına düçar oldu, Azərbaycan humanitar fəlakətlə üz-üzə qaldı.

1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev zəif və dağılmış ordu ilə müharibə aparan, ermənilərlə yanaşı, silahlı qruplaşmaların bir-birinə qarşı döyüşdüyü, dağılmış Azərbaycanı yenidən ayağa qaldırmaq üçün hərəkətə keçdi. Lakin dahi lider bütün bunları bir-bir yox, eyni vaxtda həyata keçirməklə Azərbaycanı xilas edə bildi: daxili xaos yaradan silahlı qruplaşmaları zərərsizləşdirdi və qanun qarşısına çıxardı, sosial-iqtisadi vəziyyəti stabilləşdirmək istiqamətində addımlar atdı, neft müqavilələri imzalayaraq, kiçik Azərbaycanı nəhəng ölkələrin hesablaşdığı ölkəyə çevirdi, ordunu nizama saldı, işğal altındakı bir çox kəndləri düşməndən təmizlədi və dövlətin gələcəyini qurmaq üçün Qarabağda atəşkəs sazişinə razılıq verdi.

Keçmiş dövlət müşaviri Qabil Hüseynli həmin dövrü belə xatırlayır: "Bərdə və Tərtər istiqamətində qızğın müharibə gedirdi. Ermənilər rusların aktiv dəstəyi ilə müharibəni Azərbaycanın yeni bölgələrinə keçirmişdilər. Kəlbəcər, Laçın, Zəngilan, Şuşa da daxil olmaqla bu ərazilər işğal olunmuşdu, hücumlar Cəbrayıl, Füzuli, Ağdam, Tərtər istiqamətlərində başlamışdı. Azərbaycan ordusu onda yeni formalaşırdı, lakin buna baxmayaraq, güclü hücum nəticəsində 20-dən çox kəndimiz azad edildi. Bu hücumlarda 5 minə qədər erməni öldürüldü. Sonra ermənilər müharibəni əsas ağırlığını Tərtərə yönləndirdilər. Məqsəd Tərtər-Yevlax yolunu bağlamaqla Azərbaycanın qərb rayonları ilə əlaqəsini kəsmək idi. Bu istiqamətdə də onlar dəf edildi və planları iflasa uğradı. Ağdərənin 4 kəndi də geri qaytarıldı, bu, rayonun 30 faizi idi. Ruslar gördülər ki, Azərbaycan ordusu irəliləyir. Belə şəraitdə Azərbaycana atəşkəs rejiminin bağlanmasını təklif etdilər. Azərbaycan bunu müzakirə etdi və mövcud vəziyyətdə təklifi qəbul etdi. Çünki yeni qüvvələrin səfərbər edilməsi üçün Azərbaycana vaxt lazım idi, həmçinin neft kontraktlarının bağlanması, iqtisadiyyatın dirçəldilməsi bunu zəruri edirdi”.

Heydər Əliyev mövcud vəziyyəti dəyərləndirərək, Azərbaycanın dövlət kimi ayaqda durması, güclənməsi üçün atəşkəsə razılıq verdi. Çünki həm cəbhədə müharibə, həm ermənilərin güclü havadarları ilə mübarizə aparmaq, həm də ölkə daxilində vəziyyəti sabitləşdirmək, silahlı qruplaşmları neytrallaşdırmaq, əhalinin möhtac olduğu gündəlik tələbatları qarşılamaq və saydıqca bitməyən problemləri həll etmək mümkün deyildi. Müharibənin davam etməsi yeni ərazilərin işğalı və Azərbaycanın dövlət kimi gələcəyinin sual altına düşməsi təhlükəsini yaradırdı. Çünki keçmiş hakimiyyətdən qalan ölkənin vəziyyəti olduqca acınacaqlı idi.

Bişkek protokolu və erməni planlarının məhvi: atəşkəs razılaşması Bişkekdə imzalanırdı. Rusiya prosesin əsas aparıcı qüvvəsi idi və Minsk qrupunun rusiyalı həmsədri, bu gün də ermənipərəst mövqeyi ilə seçilən Vladimir Kazimirov sənədi təqdim etmək üçün Bakıya gəlir, Heydər Əliyevlə müzakirə aparır. Sənədə görə, atəşkəs Azərbaycan və Ermənistan arasında imzalanır, sülh danışıqlarında beynəlxalq vasitəçilər iştirak edirlər.

Atəşkəs sazişinin imzalanması Bişkekdə baş tutdu. Azərbaycanı Ali Sovet sədrinin birinci müavini Afiyəddin Cəlilov təmsil edirdi. Mayın 10-u səhər saatlarında A.Cəlilov Heydər Əliyevə zəng vurur və məruzə edir ki, sənədə Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan separatçı rejimin də adını tərəf kimi salmaq istəyirlər. Heydər Əliyev Cəlilova dərhal Bakıya qayıtmağı tapşırır. Həmin günün ikinci yarısı A.Cəlilov sənədə imza atmadan geri qayıdır. Lakin separatçı rejimin adını sənədə salmağı dəstəkləyən Kazimirov da onunla birlikdə gəlir. O dövrün şahidləri danışır ki, Heydər Əliyev Bakıda Kazimirova sərt sözlər deyir.

Heydər Əliyevin bu mövqeyi ermənilərin bu gün baş nazir Nikol Paşinyanın da həyata keçirmək istədiyi planlarını alt-üst etdi: atəşkəs sazişinə münaqişə tərəfləri olaraq Azərbaycan və Ermənistanın adı salındı, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları isə sadəcə sənədə imza atdılar.

Ermənistanın planları baş tutmadı, hərçənd, ermənilər işğalçı kimi sevinir və hesab edirdilər ki, Azərbaycan torpaqlarının işğalı onlara xoşbəxt gələcək bəxş edəcək.

Heydər Əliyev atəşkəs sazişini imzaladıqdan sonra ilk olaraq ordu quruculuğuna başladı. Həmin dövrdə hərbi xidmət keçmiş əsgərlərin dilindən tez-tez "bizə ilk hərbi çəkməni, ilk ağ çörəyi Heydər Əliyev öz əlləri ilə gətirdi, ona qədər nə normal silah vardı, nə yemək, nə də geyim” sözlərini eşitmək olur.

Nizami ordu yaradan Heydər Əliyev "Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanı dünyanın ən əhəmiyyətli ölkələri sırasına çıxardı. Onun atdığı addımlar nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrildi, iqtisadi inkişaf təmin olundu, ölkədə sabitlik yarandı, insanların gələcəyi ümidi geri qaytarıldı.

Bütün bunların fonunda Heydər Əliyev işğalçı ölkənin blokadaya alınması strategiyasını həyata keçirirdi və nəticədə Ermənistan bu günə qədər davam edən sosial-iqtisadi böhranla üzləşdi. Beləliklə, Azərbaycan torpaqlarının işğalı Ermənistanın boğazındakı ilgəyə çevrildi.

Heydər Əliyevin gələcək strategiyası: Ermənistanda siyasi dairələr zaman-zaman dahi liderin gələcəyə hesablanmış planlarından qorxa-qorxa danışırlar. Bir müddət öncə erməni ideoloqlarından biri İqor Muradyan 1998-ci ildə Heydər Əliyevin Türkiyə prezidenti Süleyman Dəmirəllə prinsipial görüşündən danışaraq, 20 il öncə işğalçı Ermənistana qarşı hazırlanmış planın bu gün Prezident İlham Əliyev tərəfindən israrla həyata keçirildiyindən və nəticələrin ermənilər üçün pis olacağından təəssüflə bəhs edirdi:

"Heydər Əliyevlə Süleyman Dəmirəlin görüşdə Türkiyə və Azərbaycan arasında gələcək strategiya hazırlandı. Bu strategiya iki ölkə arasında energetikadan tutmuş, hərbi əməkdaşlığa qədər bir çox sahəni əhatə edirdi. Həmçinin, Dağlıq Qarabağ münaqişənin həlli və ərazilərin qaytarılması üçün Ermənistanı uzunmüddətli siyasi və iqtisadi blokadaya salmaq, onu Türkiyə-Azərbaycan blokuna bağlamaq və öz maraqlarına tabe etdirmək haqda razılaşma oldu. Bu, faktiki olaraq Ermənistanın prinsipial dövlət olaraq yox olması və Azərbaycanla Türkiyənin quberniyasına çevrilməsi demək idi. Həmin görüşdən sonra Azərbaycan xarici siyasətdə aktiv hərəkətə keçdi və indiyə qədər Ermənistanı blokadası davam etdirilir”.

Heydər Əliyev işğalçıya qarşı Rusiya cəbhəsindən də aktiv istifadə etdi. Moskva ilə münasibətlər yoluna qoyuldu, iki ölkə arasında müxtəlif əməkdaşlıq platformaları yaradıldı və Rusiya tədricən regionda "yanlış ata oynadığı” oynadığını düşünməyə başladı.

Muradyan qorxu ilə danışırdı ki, "Bakı uzun illərdir Rusiya ilə əməkdaşlığını gücləndirir və bu, birbaşa Ermənistanın əleyhinədir. Bakı anlayır ki, ərazi bütövlüyünün bərpasında Rusiyanın rolu əhəmiyyətli dərəcədədir, çünki Ermənistanda müstəqil qərar verən rəhbərlik yoxdur və Rusiya ilə razılaşmaq, Ermənistanın da bu razılaşmaya əməl etməsi deməkdir. Bu işdə Türkiyə də Azərbaycana aktiv şəkildə yardım edir”.

Bu gün Ermənistan ətrafında daralan halqa dahi liderin gələcəyə hesablanmış strategiyasının onun Azərbaycanı əmin əllərinə həvalə etdiyi İlham Əliyev tərəfindən uğurla aparıldığını göstərir.

Heydər Əliyev hələ o vaxt İlham Əliyevə bu strategiyanı aşılamışdı və təsadüfi deyil ki, o, Avropa strukturlarında ermənilərlə döyüşə məhz öz oğlunu göndərdi. İlham Əliyev AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması uğrunda mübarizə apardı və onun qarşısında dayananlar erməni lobbisi idi.

İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyevin strategiyasına əsaslanaraq, işğalçıya ciddi hərbi və diplomatik zərbələr endirdi. "Aprel müharibəsi” və Günnüt əməliyyatları ilə işğal altındakı ərazilərimizin müəyyən bir hissəsi azad olundu, işğalçının "məğlubedilməzlik” eqosu darmadağın edildi. Və Azərbaycan liderinin Ermənistanın regionda küncə sıxışdırılması, yaşamaq üçün Azərbaycana möhtac olması istiqamətində manevrləri bu gün işğalçını çətin vəziyyətə salıb: Bütün bu siyasətin əsasında məhz Heydər Əliyevin strategiyası dayanır və bu strategiya Azərbaycan bayrağının Şuşada dalğanacağı günün uzaqda olmadığına inamı gücləndirir.

"Bayrağımız Şuşada da, Xankəndidə də dalğalanaq”, - İlham Əliyev söz verib və bu günə kimi o, verdiyi bütün sözləri yerinə yetirən lider kimi tarixə keçib...


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.