SON XƏBƏRLƏR
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
“Araz” kafesində əxlaqsızlıq yuvası açanlar barəsində qərar
HADİSƏ 15:07 / 13.06.2019

Ali Məhkəmədə əxlaqsızlıq yuvalarının təşkilində təqsirləndirilən Şahin Səfərov və Səid Cəlilovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Oxu.az xəbər verir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

İttiham aktına əsasən, əxlaqsızlıq yuvası təşkil etmək məqsədilə Ş.Səfərov bir qrup şəxslə qabaqcadan əlbir olub. Belə ki, o, tanışları Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədovla 2017-ci ilin aprelində Şıxbaba Quliyevə məxsus, Quba-Bakı avtomobil yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində "Araz” adlanan kafeni şifahi razılıq əsasında aylıq 300 manat müqabilində icarəyə götürüb. 

Daha sonra fahişəliklə məşğul olmaq üçün oradakı otaqlara çarpayı qoyub, yararlı vəziyyətə gətirib. Dəstənin digər üzvləri Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədovla birlikdə oranı idarə edib, dekabrın 2-dək əxlaqsız yuvası kimi saxlayıb.

Bu müddət ərzində bir neçə qadın müştəri kimi kafeyə gələn müxtəlif kişilərlə görüşüb. Həmin ilin dekabrın 2-də Quba rayon sakini Tərlan Qəmbərov kəndin içində əxlaqsızlıq yuvası təşkil olunmasına etirazla "Araz” kafesini yandırıb, bundan sonra kafe fəaliyyətini dayandırıb.

"Araz” kafesi yandırıldıqdan sonra Şahin Səfərov dəstənin digər üzvləri ilə birlikdə başqa bir kafeni eyni məqsədlə icarəyə götürüb. Şahin Quba rayonunun Vəlvələ kəndi ərazisində, "Bakı” adlanan kafenin mülkiyyətçisi ilə icarə müqaviləsi bağlayıb və 2017-ci il dekabrın 7-dən həmin obyekti işlətməyə başlayıb.

Bir qədər keçəndən sonra Kamal Xanmədov Quba rayonunun Qəçrəş kəndi ərazisindəki "Dostluq” kafesində intihar edib. Onun intiharı ilə bağlı aparılmış istintaq tədbirləri nəticəsində "Bakı”da yaradılmış əxlaqsızlıq yuvasının fəaliyyəti dayandırılıb.

İstintaq zamanı adı işdə hallanan şəxslərdən yalnız Ş.Səfərov və S.Cəlilovun barəsində cinayət işi başlanıb.

Quba rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilərək onlara şərti cəza verilib.

Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsi prokurorun protestini təmin etməyib. Prokuror daha sonra Ali Məhkəməyə müraciət edib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.