SON XƏBƏRLƏR
22 Iyul 2019
21 Iyul 2019
20 Iyul 2019
Azərbaycanda hakimlər niyə bəraət hökmü çıxarmır? - Cəmi 1 faizdir
CƏMİYYƏT 18:03 / 22.06.2019

Bəraət qərarları ədliyyə sisteminin müstəqil olmasının əsas göstəricilərindəndir. Təəssüf ki, Bakı sakinləri arasında keçirilmiş sorğunun nəticələrinə əsasən, respondentlərin 90 faizi məhkəmələrə etibar etmir.

Azərbaycan məhkəmələri ədalətli ədliyyə tələblərinə cavab verirmi?

Azərbaycanda müttəhimlərin bəraət alma ehtimallarının nə dərəcədə yüksək və ya aşağı olması barədə Oxu.Az-ın sualını tanınmış vəkil Ceyhun Yusifov cavablandırıb.

Vəkilin sözlərinə görə, ittiham hökmləri ilə müqayisədə, bəraət qərarlarının sayı azdır. Lakin bu, bəraət qərarlarının yox səviyyədə olduğu mənasına gəlmir.

"Bəraət qərarları təxminən 1 faiz təşkil edir. Azərbaycanda bəraət qərarlarının sayının artırılması ilə bağlı tendensiya 2013-cü ildən başlayıb. Mən öz praktikamda dəfələrlə ağır cinayətlər üzrə hakimin bəraət qərarı çıxarması ilə üzləşmişəm. Bu praktika Gəncə Apellyasiya Məhkəməsində, Sumqayıt Apellyasiya Məhkəməsində tətbiq olunur. Ötən il iştirak etdiyim ağır cinayətlərə dair məhkəmə proseslərində Bakı şəhər Ağır Cinayətlər Məhkəməsi beş nəfərə bəraət verib”, - deyə vəkil bildirib.

C.Yusifovun fikrincə, hakimlər bəraət qərarı çıxarmaqdan çəkinməməlidirlər, belə ki, bu, istənilən halda ədalətsiz hökmdən yaxşıdır.

"Necə olur, hər 100 işdən 99-da ittiham aktı təmin edilir? Hüquqi nöqteyi-nəzərdən bu, düzgün yanaşma deyil. Hakimlər daha seçici olmalıdır. Axı dövlətin siyasəti ədliyyə sisteminin obyektiv və ədalətli olmasına əsaslanır”, - deyə o qeyd edib.

Azərbaycan Ali Məhkəməsində də bəraət qərarları çıxarılır, amma onlar azlıq təşkil edir. Ali Məhkəmədə qeyd ediblər ki, ədliyyə sistemində sağlamlaşdırma prosesi gedir.

Ali Məhkəmədə baxılan cinayət işləri üzrə bəraət qərarları praktikası barədə fikir yürütmək çətindir, belə ki, son instansiyaya onların yalnız 4-5 faizi gəlib çatır.

Azərbaycanın vahid məhkəmə portalına əsasən, məhkəmə praktikası və dörd il ərzində çıxarılmış bəraət qərarlarının ümumi sayı barədə məlumatalmaq olar.   

2014-2018-ci illər ərzində Azərbaycanda 137 bəraət qərarı verilib. Belə qərarlar üzrə Yasamal rayon Məhkəməsi (34), Nərimanov rayon Məhkəməsi (19), Bakı Ağır Cinayətlər Məhkəməsi (12), Quba rayon Məhkəməsi (11), Şəki Ağır Cinayətlər Məhkəməsi (10) öndə gedir.

Ağdaş, Gədəbəy, İmişli rayon məhkəmələri, Mingəçevir şəhər Məhkəməsi, Bakı Hərbi Məhkəməsi isə hərəsinə bir bəraət qərarı çıxarıb.

Ən çox bəraət qərarı çıxarmış hakimlər Ramin Qurbanov, Azər Tağıyev, Zamin Tahirov, Rəşad Abdulov, Samir Məmmədov, Hüseyn Səfərov, Rəşid Hüseynov, Vüsal Qurbanov, Xəqani Səmədovdur.

Digərlərini nisbətən daha az bəraət vermiş 11 hakimin də adı həmin siyahıda var. Ümumilikdə 35 hakimin adları qeyd olunub. 

Ramella İbrahimxəlilova  

Bəraət alan tanışınız var?

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.