SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı oldu - FOTO
CƏMİYYƏT 20:11 / 27.06.2019

İyunun 27-də I Fəxri xiyabanda Azərbaycan teatrının görkəmli aktyoru, professional teatr rejissoru sənətimizin banisi Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin açılışı olub. Taleyin qəribə güzarı Hüseyn Ərəblinskini qətlindən sonra da izləyibmiş. Belə ki, ömrü 38 yaşında faciəli şəkildə bitmiş görkəmli aktyoru əvvəlcə Dağüstü parkın yerindəki şəhər qəbiristanlığında dəfn edirlər. Ötən əsrin otuzuncu illərində Dağüstü parkın salınması barədə qərar çıxarılanda mərhumların qohumlarına, varislərinə məzarların köçürülməsi təklif edilir. O zaman gənc rejissor Zəfər Nemətov Ərəblinskinin dəfnində iştirak etmiş teatr xadimləri ilə birlikdə Ərəblinskinin nəşinin təzə yaradılan Fəxri xiyabanda torpağa tapşırılmasına nail olur. Çox adi görünüşlü sinə daşı uzun illər xiyaban ziyarətçilərinə böyük aktyor Hüseyn Ərəblinskinin burada uyuduğunu bildirirdi.

Publika.azxəbər verir ki,Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri, professor, Xalq artisti Azər Paşa Nemətovun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə vəfatından 100 il sonra Hüseyn Ərəblinskinin möhtəşəm qəbirüstü abidəsi hazırlandı.

Abidənin açılış mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, ATXİ-nin sədri Azər Paşa Nemətov, paytaxt teatrlarının kollektivləri, teatrsevərlər iştirak etdilər.

Mərasimdə çıxış edən nazir Əbülfəs Qarayev dedi ki, bizim Fəxri xiyabana budəfəki gəlişimiz Azərbaycan teatrına, milli teatr tariximizə hörmət əlamətidir. Bu qədər insanın xiyabana toplaşması o deməkdir ki, teatr sənətinə böyük töhfələr vermiş şəxslər heç zaman unudulmur. Adı Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə yazılmış insanlardan biri olan Hüseyn Ərəblinskinin qətlindən 100 il keçir. Azərbaycan teatrının intibahı Hüseyn Ərəblinskinin adı ilə bağlıdır. Onun dövründə milli dramaturgiyanın mükəmməl nümunələri yarandı, dünya dramaturqlarının əsərləri Azərbaycan dilində tamaşaya qoyulmağa başlandı. Cəmiyyətin aynası adlanan teatr sənətinə bu gün dövlət səviyyəsində qayğı və diqqət göstərildiyini deyən nazir vurğuladı ki, bu həm də dünyasını dəyişmiş şəxslərin xatirəsinə ehtiram kimi özünü büruzə verir.

Sonra çıxış edən Xalq artisti Azər Paşa Nemətov H.Ərəblinskinin məzarının köçürülmə prosesi barədə məlumat verdi, bundan sonra da görkəmli teatr xadimlərinin məzarlarının səliqəyə salınacağını və qəbirüstü abidələrinin ucaldılacağını dedi.

Daha sonra Xalq artisti Nurəddin Mehdixanlı, teatrşünas Dağlar Yusif çıxış etdilər.

Abidənin müəllifi, Xalq rəssamı Ömər Eldarov isə öz çıxışında etiraf etdi ki, hələ qırx il əvvəl Hüseyn Ərəblinskinin ömrünün son anlarını səhnədə təsvir edən abidəsinin maketini hazırlayıbmış, hətta bu maket onun əsərlərinin kataloquna daxil edilibmiş. Odur ki, bu ideyanın qırx ildən sonra yerinə yetməsi onu da çox sevindirir.

Hüseyn Ərəblinskinin qəbirüstü abidəsində aktyor yarı örtülmüş səhnə pərdələrinin arasında, sanki bu səhnədən getmək istəmirmiş kimi təsvir edilib.

Hüseyn Ərəblinskinin abidəsinin açılış mərasiminin iştirakçıları daha sonra Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etdilər və abidələrin önünə tər çiçəklər düzdülər.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.