SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Müxalifətdə “kor xəlifə” davası: kim kimin prototipidir?
CƏMİYYƏT 09:41 / 01.07.2019
Əli Kərimlinin təşkil etdiyi "ianə marafonu” əslində İlqar Məmmədovun Avropaya səfərini kölgədə qoymaq məqsədi daşıyırmış. Bunu REAL sədrinin özü deyir.

İlqar Məmmədov iyunun 28-də Feysbuk səhifəsində "Eşitdim, mən burda yox ikən…” sözləri ilə başlanan status yazıb və iddia edib ki, "sən demə, ölkədə baş verən bütün proseslər ona qarşı imiş”.

Məmmədovda "əliformasiya” prosesinin getdiyi məlumdur: küləyin əsməsi, quşların uçması, dənizin dalğalanması, günəşin batması kimi bütün təbiət hadisələri, hətta Trampın İranla müharibəyə hazırlaşması belə bunların hakimiyyətə gəlməsinə qarşıdır.

Bu, təkcə siyasətdə əks cəbhənin "əsas fiquru kimdir” mübarizəsindən irəli gəlmir, bir az psixoloji məsələdir, bir az da sosial şəbəkələrdə "fenomenlik” xəstəliyi…

Məmmədov müxalifətin "yeni lideri” olmaq gözləntilərini doğrultmadı, əksinə, Kərimlinin prototipi olmağa davam edir. Hətta baş verənlər Məmmədovla Kərimli arasında "kim kimin prototipidir” davasının getdiyini göstərir. REAL sədrinin AXCP-nin təşkil etdiyi "ianə marafonu”nu "Avropa Şurasındakı vacib görüşlərimizi də ani və boş intriqanın kölgəsində qoydunuz…” deyə şərh etməsi də bu davanın təzahürüdür.

Bu şərh cəbhəçilərin ciddi narazılığına səbəb oldu, nə baş verdisə, elə bundan sonra oldu.

Cəbhəçilər: "İlqar bəy, bu fikrə hardan gəlmisiniz?… Bu nə bəsit yanaşmadır? Bu ideyanı sizə kim verirsə, sizi yanlış yönə aparır. Adamlar sakitcə səssizcə yardım aksiyası edirdilər”.

REAL-çılar: "Bəli doğru eşitmisiniz. Şounun bitməsini çox gözləmədik. Cəmi 2 saat vaxtımızı aldılar”.

Xüsusilə Məmmədovun marafon haqqında "atışmaq” ifadəsi cəbhəçiləri qıcıqlandırıb.

Cəbhəçilər: "İlqar bəy, tam səmimi cavab verin, atışmaq nədir? Bu sizin siyasi imicinizə yaraşan ifadədir? Orada olan insanlara qarşı hörmətsizlikdir bu…”.

İ.Məmmədov isə "atışmaq” ifadəsinin normal söz olduğunu vurğulayıb.

REAL-çılar: "Artıq gün kimi aydındır ki, hakimiyyət məhz Müsavat+AXCP-dən istifadə edir. Ya onları oyuna gətirir, ya da onlar özləri oyuna gəlir. Zaman keçdikcə ikinci variant daha qüvvətlənir. Millət olaraq artıq aldanmaq haqqımız yoxdur!”.

REAL-çılar: "Doğru buyurursunuz. Nə köpüklər üfürülüb gündəmə buraxılmadı ki, arxasından AŞPA-nın yay sessiyası, dəyərli Sədrimizin siyasi vacib səfəri görünməz edilsin”.

Daha sonra cəbhəçilərlə REAL-çılar "kimin lideri kimin adamıdır”, "seçki yoxsa mitinq”, "trol kimdir” mövzuları üzrə "atışıb”, sonra dağılışıblar.

Onlar "atışmaqlarında” olsun, biz yenə müxalifətimizin vəziyyətinə qayıdaq, hərçənd, bu, ən real mənzərədir.

28 iyunda AXCP "ianə marafonu” keçirdi və bunu illərdir "mehriban düşmən” olduğu Müsavatın qərargahında etdi. Hüquq-mühafizə orqanları ictimai asayişin pozulmasına qarşı vəzifələrini yerinə yetirəndə, cəbhəçilər "müxalifətin əsas liderini həbs etdilər” hay-küyünü saldı. Bütün tamaşa bu hay-küyə hesablanmışdı, çünki 19 yanvar mitinqindən sonra dillərindən düşməyən "ölkədə bütün islahatlar mitinqə görə edilir” iddiasını yeniləmək lazım idi. "Marafon şousu”ndan dərhal sonra Əli Kərimli "təkcə bu gün AXCP sıralarına 45 nəfər yeni üzv qəbul edildi” açıqlamasını yaydı və bununla oynadığı oyunu özü etiraf etdi: Müxalifətdə mənəm, Bağdadda kor xəlifə.

19 yanavr mitinqində Əli Kərimli ilə eyni tribunadan çıxış edən İ.Məmmədov "kor xəlifəliyin” əldən getdiyini görən kimi, "bütün baş verənlərin onun Avropa səfərini kölgədə qoymaq üçün hakimiyyətin oyunu olduğu” iddiasını irəli sürdü.

Hər iki cəbhə hakimiyyətə qarşı olduğunu iddia edir, hər ikisi bir-birini hakimiyyətə işləməkdə ittiham edir, hər ikisi də "kor xəlifə” olmaq üçün hakimiyyətin adından istifadə edirlər. Hakimiyyət isə "sosial inqilab” paketinin növbəti mərhələlərini həyata keçirməklə məşğuldur, yəni bildiyimiz "qız evində toydur, oğlan evinin xəbəri yoxdur” məsəli….

Deməli, müəllim sinif otağına kompüter gətirir, yerə qoyub uşaqlardan soruşur:

– Deyin görüm, otaqda neçə kompüter var?
– Bir!
– Düzdür, – müəllim çətinliklə ikinci, sonra üçüncünü gətirir:
– İndi neçə kompüter oldu?


Otağa gələn direktor soruşur:
– Nə edirsiniz?
– Uşaqlara üçə qədər saymağı öyrədirəm.
– Biz bunu həmişə alma ilə öyrədirik.
– Axı kitabda kompüter yazılıb.
– Kitabın növbəti səhifəsində 10-a qədər saymağı avtobuslarla öyrədiblər. Ümidvaram, otağa avtobus gətirməyə hazırlaşmırsınız?


Eyni məntiqdir bəylər, mümkünsə, bir az o tərəfdə oynayın…
Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.