SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Bakıda Ümumdünya irsi siyahısına daxil edilmək üçün 36 namizəd fayla baxılacaq
CƏMİYYƏT 10:20 / 01.07.2019

İyunun 30-da Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iştirakçılarının istiqamətləndirici iclası keçirilib.

Dünya İrs Komitəsinin Bakı sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək qonaqları salamlayıb, tədbirin açılış mərasimi və digər iclasların keçiriləcəyi məkanlarla bağlı məlumat verib.

Bildirib ki, bu gün axşam Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının rəsmi açılış mərasimi reallaşacaq. Mərkəzdə Azərbaycanın mədəni zənginliyini nümayiş etdirən sərgi, həmçinin müxtəlif mövzularda təqdimatlar və mədəni proqram nümayiş etdiriləcək.

UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Mextild Rossler çıxışında bildirib ki, 43-cü sessiya çərçivəsində Abidə Menecerlərinin Forumu və Gənc Peşəkarlar Forumun yüksək səviyyədə təşkil edilib.

İyulun 1-də keçiriləcək sessiyalarla bağlı məlumat verən direktor diqqətə çatdırıb ki, sessiyaların və plenar iclasların təşkil olunacağı zallar tam hazır vəziyyətdədir. M.Rossler təqdim olunacaq nominasiya faylları ilə bağlı əlavə məlumatların Təşkilat Komitəsinə çatdırılmasını tövsiyə edib. Həmçinin vurğulayıb ki, plenar sessiyalarla yanaşı, paralel olaraq panel və büro sessiyaları da keçiriləcək. Sessiyalara katiblik, məşvərət şurası və hüquq müşavirləri nəzarət edəcək. Sessiyaya hazırlıqla bağlı bütün məlumatlar komitənin veb-saytında əks olunub və onlayn rejimdə hər bir sessiyaya aid sənədi buradan əldə etmək mümkündür.

Qeyd olunub ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasının gündəliyi sabah açıqlanacaq. Gündəliyə büro üzvlərinin istəyi ilə dəyişiklik edilə bilər. Bakı sessiyasında UNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmək üçün üzv dövlətlər tərəfindən təqdim olunmuş 36 namizəd fayl nəzərdən keçiriləcək. Namizədliyi irəli sürülmüş faylların 28-i mədəni, 6-sı təbiət, 2-si qarışıq (təbiət və mədəni) abidələr sırasına daxildir. Sessiyalarda ilk olaraq siyahı üzrə təbiət obyektləri, daha sonra mədəni obyektlərlə bağlı nominasiyalar müzakirə ediləcək. Tədbir çərçivəsində 50-yə yaxın paralel tədbir və sərgi keçiriləcək.

Daha sonra istiqamətləndirici iclas iştirakçı dövlətlərin nümayəndələrinin fikir və təklifləri ilə davam edib.

Qeyd edək ki, 30 iyun – 10 iyul tarixlərində keçiriləcək UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox nümayəndə iştirak edir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.