SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Ödənişli və dövlət hesabına olan YAY DÜŞƏRGƏLƏRİ
CƏMİYYƏT 12:40 / 03.07.2019

Artıq bir müddətdir ki, məktəblilər yay tətilinə buraxılıb. Hər il olduğu kimi bu il də valideynlər yay düşərgələrinin olmamasından şikayətlənir. Tətilə buraxılan uşaqların əksəri gününü ya televizor qarşısında, ya da həyətdə oynamaqla keçirir. Beləliklə, yay tətili səmərəsiz və faydasız şəkildə keçmiş olur.

Halbuki sovet dövründə valideynlər bu barədə problemi yaşamırdı, çünki uşaqlar üçün yay düşərgələri var idi. Hansı ki, həmin düşərgələrdə uşaqlar həm nizam intizamı öyrənir, həm də səmərəli istirahət edə bilirdi. İndi isə çox az sayda uşaq yay düşərgəsinə gedə bilir, həmin uşaqların da böyük əksəriyyəti demək olar ki, imkanlı şəxslərin uşaqları, özəl təhsil ocaqlarında oxuyan məktəblilərdir.

Hazırda yay düşərgələri təşkil edən özəl şirkətlər var. Lakin onların təklif etdiyi qiymələr orta statistik ailələr üçün əlçatan deyil. Araşdırmadan belə məlum olur ki, hazırda yay düşərgələrinin ən ucuzu 40 manat, ən bahalısı isə 1600 manatdır. 40 manata təklif edilən düşərgə Nabranda təşkil olunur və 8 gün nəzərdə tutulur. Bura nəqliyyat, qalmaq üçün yer (çadır), qidalanma, köynəklər, atıcılıq, atçılıq, oxatma, idman oyunları, şəhər turu və s. daxildir.

Ən bahalı 1600 qiymətə olan düşərgədə - 4 həftə Qubada qalmaq mümkündür. Qiymətə nəqliyyat, qalmaq üçün yer, qidalanma, əyləncələr, debatlar, idman oyunları, ingilis dili tədrisi daxildir. Şirkət qiymət yüksəkliyini düşərgədə xarici dil kurslarının təşkili ilə izah edir.

Xəzər sahillərində də yay düşərgələri var. 1 ay ərzində yemək, gündəlik aparıb gətirmə, müxtəlif əyləncələr bir uşaq üçün 800 manata təklif olunur. Ayrı-ayrı nazirliklər tərəfindən də yay düşərgələri təşkil olunur ki, burada da demək olar ki, nazirliyin öz əməkdaşlarının uşaqları istirahət edir.

Lakin sevindirici haldır ki, Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə ödənişsiz  "Yay məktəb”i  təşkil etməyə başlayıb. Qeyd edək ki, bu "Yay məktəbi” "Məktəblinin dostu” pilot layihəsi çərçivəsində reallaşdırılır və Bakı şəhərində yerləşən 35 məktəbi əhatə edir. Nazirliyin yaydığı məlumata görə, bu il "Yay məktəbi” V və VI siniflər üçün iyul ayında, VII və VIII siniflər üçün isə avqust ayında keçiriləcək. Layihə çərçivəsində 2000-dən çox şagird üçün təlim, seminar və informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışlarının, əyləncəli saatların təşkil edilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda ölkədə 4410 dövlət, 28 qeyri-dövlət ümumi təhsil məktəbləri fəaliyyət göstərir. Təxminən ümumilikdə 1 milyona yaxın şagird tətilə buraxılıb. Hesablayanda onların yalnız çox cüzi qismi bu il yay düşərgələrində istirahət etmək şansını əldə edə biləcək.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı deyib: "Bu gün orta təhsil müəssisələrində təhsil alan şagirdlərin yay vaxtlarının asudə və səmərəli təşkil olunması üçün heç bir şərait yoxdur. Doğrudur, Təhsil Nazirliyinin ödənişsiz yay məktəbi təşkil etməsi müsbət haldır. Lakin hazırda 4500-ə yaxın orta təhsil ümumi məktəblər var və təxminən ümumilikdə 1, 6 milyon şagird həmin müəssisələrdə təhsil alır. Onların arasında yalnız 2000 şagirdin düşərgələrə cəlb edilməsi çox cüzi rəqəmdir. Hər zaman olduğu kimi, bu il də bir qisim şagirdlər istirahət üçün rayon və kəndlərə, nənə-babalarının yanına gedəcək, ikinci qisim ailələri ilə birlikdə bir müddətliyə bölgələrə, dağ və meşələrə gedəcək, digər qisim isə dənizdə çimməklə vaxt keçirəcək. Bu üç istiqamətin heç biri uşaqların yaş və psixoloji sistemi üçün uyğun deyil. Əslində uşaqlar yay tətili müddətində yeni nəsə öyrənməli, təhsil müddətində aldıqları bilik və bacarıqlarını daha da mükəmməlləşdirməlidirlər. 35 il bundan əvvəli ümumtəhsil müəssislərində təhsil alan şagirdlərin böyük əksəriyyəti yay düşərgələrinə gedirdi. Lakin müstəqillik dövründən sonra həmin mərkəzlər özəlləşdirildi, istiqamətləri dəyişdirildi və şagirdlər yay düşərgələrindən məhrum oldu. Düşünürəm ki, bu istiqamətdə ciddi addımlar atılmalıdır. Məsələn, tətilə çıxan tələbələrin böyük qismi öz qəsəbə və kəndlərinə qayıdır. Həmin tələbələri yay düşərgələrinə cəlb etmək olar. Bununla da həm tələbələr yay vaxtı pul qazanmış olar, həm də şagirdlər intellektual, gənc və dinamik tələbələr sayəsində tətilini səmərəli keçirmiş olarlar. Buna görə də hər bir rayon və kənddə yay düşərgələri təşkil etmək lazımdır".("Yeni Müsavat")


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.