SON XƏBƏRLƏR
16 Sentyabr 2019
13 Sentyabr 2019
12 Sentyabr 2019
11 Sentyabr 2019
10 Sentyabr 2019
Bakıda vacib sessiya: Gərgin müzakirə və qərar
CƏMİYYƏT 18:48 / 03.07.2019

UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası öz işini davam etdirir.

XəzərXəbər xəbər verir ki, iclası açan 43-cü sessiyanın keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev dünyanın müxtəlif regionlarında, o cümlədən Asiya və Sakit okean, Afrika, Avropa və Amerikadakı mədəni irslə bağlı müzakirələrin aparılacağını bildirib.

Dünya İrs Mərkəzinin turizm üzrə bölmə rəhbəri Banqladeşdə yerləşən dünyanın ən böyük manqrov meşəsi Sundarban meşələri ilə bağlı danışarkən qeyd edib ki, bu meşələr 1997-ci ildə Dünya İrs Mərkəzinin Dünya İrsi Siyahısına daxil edilib:

"Bu meşələrdə ekoloji böhran hökm sürür. Ekoloji böhranın yaranmasına səbəb orada kömürlə işləyən 3 elektrik stansiyasının tikilməsidir. "Ranpal” adlanan bu elektrik stansiyaları biomüxtəlifliyin pozulmasına gətirib çıxaracaq. Həmçinin, orada dənizçilik əməliyyatları, dəniz dibinin dərinləşdirilməsi əməliyyatları aparılır. Təklif olunur ki, "Ranpal” elektrik stansiyalarının tikintisi zonasına monitorinq missiyasının səfəri təşkil edilsin. Çünki məlumat var ki, bundan öncə verilən tövsiyələr Banqladeşin müvafiq orqanları tərəfindən tam yerinə yetirilməyib. Bununla bağlı bütün dünyaya mesaj göndərilməlidir. "Ranpal” kömürlə işləyən elektrik stansiyasının tikintisi çox böyük narahatlıq doğurur. Bu tikinti ekoloji və təbii dinamikaya mənfi təsir göstərir. Müstəsna universal dəyərə malik olan bu meşələr qorunmalı və lazımi tədbirlər görülməlidir”.

Kuba nümayəndəsi çıxış edərək Banqladeş hökumətini üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə çağırıb:

"Onlar bildirmişdilər ki, stansiyalar həmin ərazidən kənarda tikilir. Əgər 700 meqavatlıq stansiya tikiləcəksə, bunun 50 milyon insana müsbət təsiri olacaq”.

Tanzaniya nümayəndəsi də hesabatla bağlı narahatlığını bildirib:

"Eyni zamanda biz hansısa dövlətin iqtisadi inkişafla bağlı suveren hüququnu inkar edə bilmərik. Bundan sonra qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə idarəçilik planları tərtib edilməlidir”.

Çin nümayəndəsi Banqladeşin inkişaf etməkdə olan ölkə olduğunu xatırladıb:

"Layihə monitorinq missiyasının tövsiyəsinə uyğun olaraq icra olunur. Elektrik stansiyaları bufer zonasından kənarda yerləşir. Banqladeş hökuməti tərəfindən zəruri, qabaqlayıcı tədbirlər görülüb ki, onun ətraf mühitə mənfi təsirləri olmasın. Biz iqtisadi inkişafla ətraf mühitə təsiri tarazlaşdırmalıyıq. Buna görə də Çinin mövqeyi ondan ibarətdir ki, bu mühüm məsələ ilə bağlı tələsik qərar qəbul olunmasın”.

Azərbaycan nümayəndəsi Kuba və Çinin verdiyi təklifləri dəstəklədiyini vurğulayıb:

"Banqladeş komitənin əvvəlki tövsiyələrini yerinə yetirib. Biz üzv dövlətin suveren inkişaf hüququnu məhdudlaşdırmalı deyilik”.

Banqladeşin energetika və təbii sərvətlər naziri Tavfiq-e-Elahi Çhovdhuri çıxış edərək sualları cavablandırıb:

"Sizin məlumatlarınız yeni məlumatlar deyil. Biz yerlərdə xüsusi tədbirlər gördükdən sonra bu işə başlamışıq. Banqladeş də Azərbaycan kimi inkişaf etməkdə olan ölkədir. Sadəcə bir fərqimiz var. Sizin əhalinizin sayı 10 milyondur, bizim 160 milyon əhalimiz var. Bizim qarşımızda inkişaf və ətraf mühitin konservasiyası çağırışı var. Biz başa düşürük ki, bu stansiyaları inşa edərkən ekologiyanı da qorumalıyıq. Banqladeşdə uşaqlar arasında ölüm halları həddən artıq çoxdur. Gənc qızların təhsil almasında böyük çətinliklər var. Siz burada nəyi nəzərdə tutursunuz? Sundarban meşələri bufer zonasından kənardadır. İkincisi, monitorinq missiyası ora səfər etdi, bizə dedi ki, sizə tövsiyə veririk, onu icra edin. Biz bu tövsiyələri dəqiqliklə icra etdik. Bu işlər bizdən əlavə vəsait tələb edirdi, ancaq biz onu etdik. Hətta, mən sizə deyə bilərəm ki, görülən işlər nəticəsində Sundarban meşələrinin biokütləsi, pələnglərin populyasiyası çoxalıb”.

Müzakirələr uzandığı üçün Çin nümayəndəsi bununla bağlı ayrıca işçi qrupun yaradılmasını təklif edib. Təklif razılıqla qarşılanıb. Çin, Kuba, Macarıstan, Norveç və Avstraliya nümayəndələrindən ibarət işçi qrup yaradılması qərara alınıb. Onlar konsensus əsasında qərar layihəsi tərtib edəcəklər. Qərar layihəsinə günün sonunda baxılması razılaşdırılıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.