SON XƏBƏRLƏR
23 Avqust 2019
22 Avqust 2019
21 Avqust 2019
20 Avqust 2019
Azərbaycan tarixinin Heydər Əliyev erası: əsrlərə bərabər 50 il - FOTOKOMPOZİSİYA
CƏMİYYƏT 11:03 / 13.07.2019

Hər bir xalqın tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Onlar məhz taleyüklü məqamlarda irəli atılaraq mənsub olduqları xalqı arxalarınca aparır, son nəticədə qalib gəlirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də belə tarixi şəxsiyyətlər sırasına daxildir.

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişindən 50 il ötür. Xalqımız bu tarixi hadisəni geniş qeyd edir, öz böyük oğlunun misilsiz xidmətlərini bir daha minnətdarlıq duyğuları ilə anır. Çünki Azərbaycanın intibahı və milli şüurun oyanışı bu dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb.

Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Bu gün də həyatın bütün sahələrində qazanılan uğurların təməlində Heydər Əliyev ideyaları, onun müdrik strategiyası dayanır.

Təqdim etdiyimiz kompozisiyada Heydər Əliyevin həyat və fəaliyyətinin ən mühüm məqamlarına, böyük ömrün fotolarda əbədiləşən anlarına nəzər salınır.

Qaranlıqdan aydınlığa. Heydər Əliyevin hakimiyyətə gəlişi həyatın ritmini dəyişdi

Heydər Əliyev dühası 1969-cu ilədək SSRİ-nin aqrar respublikası kimi tanınan Azərbaycanı çox qısa müddətdə inkişaf etmiş sənaye ölkəsinə, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevirə bildi. O, ölkəsini, sözün əsl mənasında, qaranlıqdan aydınlığa çıxardı, ətalət buzunu əritdi. 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsi ilə həyatın ritmi büsbütün dəyişdi. Ölkəmizin müstəqillik tarixinin, işıqlı yolunun başlanğıcı qoyuldu.

Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövrü milli özünüdərkin oyanması, soykökə qayıdışın başlanğıc dövrü kimi də səciyyəvidir. Böyük şəxsiyyət sovet dövrünün bütün ideoloji-siyasi maneələrinə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürdü, ictimai şüurdakı qorxunu aradan qaldırdı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırdı. Bir sözlə, Ulu Öndər şüurlarda inqilabi dəyişiklik yaratdı.

Azərbaycan 1969-1982-ci illərdə inkişaf etmiş sənaye-aqrar respublikasına çevrildi.

On dörd il ərzində 250-dən çox zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verildi. Respublikanın milli gəlirinin ümumi həcmi 2,5 dəfə artdı. On mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərinə təhsil almağa göndərildi. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edir.

Ötən əsrin 70-ci illərində Bakı ilə yanaşı, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə bir-birinin ardınca elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri istifadəyə verildi.

On dörd ildə Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin sayı əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox idi.

Həmin illərdə Heydər Əliyevin bilavasitə göstərişi və rəhbərliyi ilə Azərbaycandakı memarlıq abidələrində bərpa işləri aparıldı, görkəmli şair və yazıçıların yubileyləri keçirildi, tarixi şəxsiyyətlərin və xalq qəhrəmanlarının abidələri ucaldıldı, milli varlığımızın, dəyərlərimizin və adət-ənənələrimizin təbliğinə xidmət edən filmlər çəkildi.

Ulu Öndərin həmin dövrdəki ən böyük xidmətlərindən biri də milli hərbçi kadrların hazırlanması sahəsində qəbul etdiyi tarixi qərarlar və bunun nəticəsi olaraq Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması oldu. Yüzlərlə azərbaycanlı gəncin keçmiş İttifaqdakı ən qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilməsi müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan biri idi. Bu kadr potensialı dövlət müstəqilliyinin bərpasından sonra milli Silahlı Qüvvələrin zabit heyətinin formalaşmasında müstəsna rol oynadı.

Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın dahi oğlu böyük cəsarət, siyasi müdriklik nümayiş etdirərək Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxdı.

Bir sözlə, 1969-cu ilin 14 iyulu sadəcə respublika rəhbərinin seçim günü yox, bundan daha çox milli liderin rəhbərliyə gəlişi ilə əlamətdardır.

Heydər Əliyevin həyatının Moskva dövrü. Yüksəliş və həsəd

Heydər Əliyev Siyasi Büronun üzvü seçiləndə, bir qədər sonra Moskvaya yüksək vəzifəyə gedəndə Azərbaycanda insanlar çox sevinir, bir-birini təbrik edirdilər. Bu, iki amillə izah olunurdu. Birincisi, azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe və vəzifə tutması həqiqətən qürurverici hadisə idi.

Digər tərəfdən, Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi Azərbaycanın xeyrinə işləyə bilərdi və belə də oldu. O, şəxsi nüfuzundan və vəzifə imkanlarından istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana mümkün qədər çox vəsait ayrılmasına, bir sıra irimiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu.

Ulu öndər əbədiyyətə qovuşsa da, cismən aramızda olmasa da, tariximizin Heydər Əliyev erası davam etməkdədir, vaxtdan yüksəkdə dayanan Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir. İllər ötəcək, dünyaya yeni nəsillər gələcək, zəmanəmizin dahisi Heydər Əliyev ideyalarının sönməz şəfəqlərindən hər nəslə pay düşəcək. Nə qədər ki, Azərbaycan var, Ulu Öndərin adı, siyasi kursu yaşayacaq, ölkəmizin inkişaf salnaməsinə bir-birindən parlaq səhifələr yazılacaq. (Azərtac)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.